"Dul qadın donqarlığı" sindromu - Kimlərdə olur?

  • 2022.06.07 15:32
  • 7075 Baxış
"Dul qadın donqarlığı" sindromu  - Kimlərdə olur?

Dul qadın donqarlığı sindromu - qadınlarda menopauza dövründə yeddinci boyun fəqərəsi ətrafına piy toxumasının yığılması ilə xarakterizə olunur. Bu patologiya 45-50 yaşlı qadınlar arasında rast gəlinir.

Medicina.az xəbər verir ki, reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat Pərvin Əkbərov bildirib ki, bəzən bu sindroma lipoma, piyin yığılması kimi adlar da verilir. Bu patologiya hətta ideal bədən quruluşuna sahib olan qadınlarda belə hormonal dəyişiklik fonunda və ya digər faktorlarla əlaqədar olaraq yarana bilər.

"Qadınlarda klimakterik yaş dövrünün ilk 2 ilində qanda estrogenlərin miqdarı artır, daha sonrakı dövrdə onların reproduktivliyi azalmağa doğru gedir", - deyən P.Əkbərov qeyd edib ki, estrogenlərin azaldığı dövrdə qanda testosteroidlərin miqdarı dəyişilməz qalır ki, bu da nisbi olaraq qanda onların miqdarını artırır. Bu səbəbdən də piylənmə kişi tipli olur, piy toxuması onurğanın 7ci boyun fəqərəsi səviyyəsində, əllər və qarın nahiyyəsinə cəmlənir:

"Boyunun arxasında yaranan donqarlığı hətta paltarla belə gizlətmək olmur. Dul qadın donqarlığı sindromu zahiri görünüşdə yaranmış defektlə yanaşı qamət pozğunluğu, səhhətdə yaranan müxtəlif problemlərlə də özünü büruzə verir. Boyun nahiyyəsinə toplanan piy toxuması boyun fəqərələrnin yanı boyu keçən arteriyaları sıxır. Bu damarlar baş beyini qanla təmin edir, ona görə də onların kompressiyası baş ağrıları, ürəkbulanma, təzyiqin tez tez dəyişməsi və baş gicəllənmə kimi hallara yol açır.