Dünyada yeni virus yayılır?

  • 2023.06.27 16:57
  • 2199 Baxış
Dünyada yeni virus yayılır?
Yaponiya dünyada ilk dəfə Oz virusuna yoluxma faktını təsdiqləyib və bu, ölümlə nəticələnib.

"Medicina" xəbər verir ki, sözügedən xəstəliyə yoluxan yaşlı qadın dünyasını dəyişib. O, halsızlıq, qızdırma və iştahsızlıqdan şikayətlənib. Araşdırmalar nəticəsində məlum olub ki, simptomlar başlayana qədər qadın xaricə səfər etməyib, koronavirus infeksiyasının olub-olmaması üçün aparılan PCR testi mənfi nəticə verib. Xəstəyə ambulator şəraitdə pnevmoniyanın müalicəsi üçün antibiotiklər təyin edilib.

Bir müddət sonra xəstənin vəziyyəti pisləşdiyi üçün təcili xəstəxanaya yerləşdirilib. 26-cı gün qadında mədəciklərin fibrilasiyası olub, sonra isə dünyasını dəyişib. Yalnız yarılma və ölümdən sonrakı digər müayinələrdən sonra həkimlər xəstəliyi Oz virusuna yoluxma halı kimi tanıyıblar.

Oz virusu ilk dəfə 2018-ci ildə Yaponiyada aşkarlanıb. Gənə dişləmələri ilə yayıla bilər, lakin indiyədək insan yoluxma halları qeydə alınmamışdı. Oz virusuna qarşı peyvənd yoxdur.

Yeri gəlmişkən, bir neçə prefekturada vəhşi təbiətdə yaşayan meymunlarda, qabanlarda və marallarda bu virusa qarşı anticisimlər tapılıb. /publika.az/