Elektron siqaret, veyp adi siqaretdən qat-qat zərərlidir - Ağciyər xəstəlikləri institutunun direktoru

  • 2023.12.14 16:18
  • 1116 Baxış
Elektron siqaret, veyp adi siqaretdən qat-qat zərərlidir  - Ağciyər xəstəlikləri institutunun direktoru

Tütünçəkmədən müalicə üçün müasir imkanlara plastır və nikotin saqqızları, hipnoz və ya kodlaşdırma, akupunktura və s. aid edə bilərik. Nikotin asılılığından qurtulmaq istəyənlər ətrafındakılarla danışmalı və olduqları məkanda siqaret çəkməməklərini xahiş etməlidirlər.


"Medicina" xəbər verir ki, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova apaya müsahibəsində bəzi məqamlardan danışıb:


"Tütün istifadəsinin başda ağciyər olmaqla bütün orqanlara ciddi zərərləri var. Tibdə xroniki tütün çəkmə, tütün asılılığı, nikotin asılılığı, tütünə və ya nikotinə qarşı meyl kimi müəyyən edilir. Tütün çəkmə, tütün asılılığı vərdiş, nöqsan, həzz və ya həyat tərzi seçimi deyil, residivləşən xəstəlikdir. Bu, onkoloji, ürək-damar, tənəffüs yolları xəstəliklərinin əmələ gəlməsinə səbəb olur. Reproduktiv sağlamlığa, hamiləliyin ağırlaşmalarına, yeni doğulanlarda fəsadlara gətirə bilər. Həmçinin, kataraktalar, mədənin peptik xorası, immun sisteminin zəifləməsi kimi xəstəliklər yarada bilər. Bununla yanaşı, tütün çəkənlərin xarici görünüşü də dəyişir. Tütün çəkmə dişlərin və dırnaqların saralmasına, saçların tökülməsi və qırışların yaranmasına gətirib çıxarır.


Tütünçəkmədən müalicə üçün müasir imkanlara plastır və nikotin saqqızları, hipnoz və ya kodlaşdırma, akupunktura və s. aid edə bilərik. Nikotin asılılığından qurtulmaq istəyənlər ətrafındakılarla danışmalı və olduqları məkanda siqaret çəkməməklərini xahiş etməlidirlər. Bu qərarı vermiş şəxs siqaret çəkilən otağa girməməli, hətta həmin yerlərin yaxınlığında dayanmamalıdırlar.


Evdə və ya işdə boş vaxtlarında siqaret çəkməməlidir. Siqaret çəkməyi xatırladan hər şeyi göz qabağından yığışdırmalıdır. Məsələn, külqabı, alışqan və s. Siqareti məsələn, idman və ya digər aktiv fəaliyyətlərlə əvəz etməlidir. Bol su içməli, daha az şirniyyat yeməyə diqqət etməlidir. Ən əsası isə siqaretdən tam qurtulmaq üçün güclü iradə lazımdır.


Elektron siqaret - veyp, e-siqaret - istifadəçinin nəfəs aldığı yüksək dispersli aerozol yaradan elektron cihazdır. Veyp və ya elektron siqaretdən alınan aerozol adi siqaretlər kimi ağciyərlərdə qısa müddətli iltihab reaksiyasına səbəb olur. Tənəffüs edilən aerozol mikrohissəcikləri alveolları qıcıqlandıra və astma tutmasına səbəb ola bilər. Elektron siqaretlər adi siqaretlər kimi tütünü yandırmaq əvəzinə mayeni buxarlayaraq işləyir.

Əksər hallarda veypin mayesinin tərkibində nikotin, eləcə də digər zərərli maddələr olur. Bu maddələr tənəffüs sisteminə təsir edə bilər. Kanserogen hesab edilən maddələr isə xərçəngə gətirib çıxarır. Elektron siqaretlər təsəvvür etdiyimizdən qat-qat zərərli və təhlükəlidir. Çünki burada nikotin buxarlanır və bu, ağız boşluğunun selikli qişasının yanmasına, xərçəngə, tənəffüs sisteminin zədələnməsinə, beyin damarlarının aterosklerozuna səbəb olur".



Direktor kovidin ağciyərlərə uzunmüddətli təsirindən də danışıb:

"Təbii ki, ağciyərlərdə yayılmış fibroz dəyişikləri təngnəfəsliyə, nəfəs darlığına səbəb olduğunu nəzərə alaraq, COVID-19 pandemiyasından sonra ağciyər xəstəliklərinin fəsadlarına rast gəlinib.

Lakin aparılan müalicələr və koronovirusun müxtəlif ştammlarının zəif təsiri nəticəsində bu fəsadların azalması müşahidə edilib. Hazırda COVID-19-un ağciyər xəstəliklərinə kəskin təsirli fəsadları müşahidə edilmir".


Aygün Musayeva
Elektron siqaret, veyp adi siqaretdən qat-qat zərərlidir  - Ağciyər xəstəlikləri institutunun direktoru