Əmisini bıçaqlayan qazi ruhi xəstəxanaya aparıldı

  • 2024.01.11 12:16
  • 803 Baxış
Əmisini bıçaqlayan qazi  ruhi xəstəxanaya    aparıldı
Ad günündə əmisini bıçaqlayan şəxs Psixiatriya Xəstəxanasına yerləşdirildi


"Medicina" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində əmisini bıçaqlamaqda təqsirləndirilən Fərid Musayevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Məhkəmənin hökmü ilə o, təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə, cinayət məsuliyyətindən azad edilib. Fərid Musayev barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmaqla ona ümumi tipli psixiatriya stasionarında məcburi müalicə təyin edilib. Qərarın icrası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.

Fərid Musayev doğum gününü qeyd edən əmisi, zərərçəkmiş Dadaş Musayevlə onların evində yeyib-içib. Bu zaman onların arasında mübahisə düşüb. Mübahisəyə səbəb isə zərərçəkmişin ondan qonşuluqda olan yas mərasiminə getməsini istəməməsi olub. Nəticədə o, cib bıçağı ilə əmisinin döş qəfəsindən bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxsin atası bildirib ki, oğlu Fərid İkinci Qarabağ müharibəsi iştirakçısıdır:

“Müharibədə iştirak etdikdən sonra Fəridin səhhətində problemlər yaranıb, psixi xəstəliyi ilə bağlı özünü idarə edə bilməyib. Son vaxtlar isə Respublika Psixiatriya Xəstəxanasında müalicə alsa da, yenə də tam olaraq sağalmayıb. Həmçinin Fərid evli olub, sonradan xəstəliyi ilə bağlı ailəsindən rəsmi olaraq boşanıb”.