Ən dözülməz ağrı - Oturaq sinirin iltihabı: İşias

  • 2022.09.22 13:14
  • 7802 Baxış
Ən dözülməz ağrı   - Oturaq sinirin iltihabı: İşias



Oturaq sinir orqanizmin ən böyük siniridir. Boyundan başlayıb dizlərə kimi uzanır.

Bud hissədən tutub ayağa kimi vuran dözülməz ağrı ən çox şikayət edilən nevroloji xəstəlikdir.



"Medicina" xəbər verir ki, İşias zamanı xəstə belin aşağı hissəsində başlayan və daha sonra sağrıya və ayağın arxa tərəfi boyu topuğa kimi yayılan ağrılar hiss edir. Adətən ağrı bir ayaqda hiss olunur. İkitərəfli işias zamanı ağrı iki ayaqda olur. İkitərəfli işias nadir hallarda inkişaf edir.


İşias zamanı ağrılar xroniki tutmaşəkilli xarakter daşıyır - bəzən ağrılar kəskinləşir, bəzən isə azalır və ya tam yox olur. İşias zamanı olan ağrılar müxtəlif ola bilər - sızıldayan və ya yandırıcı, çox kəskin, dözülməz və ya əksinə dözülə bilən. Ağrıdan əlavə xəstə ayaqda həssaslığın və hərəkətliliyinin azalmasını hiss edir, dəridə "qarışqaların yeriməsi" hissi yaranır.

Xəstəliyin səbəbi oturaq sinirinin sıxılması və iltihabıdır. Məhz bu sıxılma və iltihab ağrılara, həssaslığın və hərəkətliliyinin azalmasına səbəb olur.


Xəstəlik inkişaf etdikcə ağrılar çoxalır, xəstə ayağını diz və baldır-pəncə oynağında bükə bilmir. Zədələnmiş ayaqda əzələlər zəifləyir, hətta qismən fəaliyyətdən qalır və nəticədə kiçilir (buna "atrofiya" deyilir). Ağır vəziyyətlərdə xəstədə sidiyin və (və ya) nəcisin saxlaya bilməməsi kimi patoloji hal inkişaf edir. Bu səbəbdən xəstəliyin müalicəsinə işiasın ilk mərhələlərində başlamaq lazımdır.


İşias bir çox hallarda osteoxondrozun fonunda inkişaf edir. Osteoxondroz zamanı onurğa sütunu fəqərələr arası məsafələr kiçilir ki, bu da oturaq sinirin sıxılmasına və iltihaba səbəb olur. Digər yayılmış səbəb - fəqərələrarası disklərinin yırtığıdır.


Digər səbəblər arasında: onurğa sütunu şişləri, travmalar, soyuqlamalar, infeksiyalar (qripp, vərəm, sifilis və s.) və s. Bəzən işias hamiləlik zamanı inkişaf edir. Hamiləlik zamanı qadının onurğa sütunu ciddi yükləmələrə məruz qalır. Bəzi hallarda onurğa sütunu bu yükləmələrə tab gətirmir və nəticədə qadında müxtəlif pozulmalar (o cümlədən, işias) inkişaf edir.

İşias özünü müxtəlif simptomlarla büruzə verir və bu səbəbdən bəzi hallarda bu xəstəliyin dəqiq diaqnozunu qoymaq çətin olur. Xəstəliyin diaqnostikası və müalicəsi ilə həkim nevroloq məşğul olur. Diaqnostika zamanı rentgenoloji müayinə və maqnit-rezonanslı tomoqrafiya (MRT) istifadə olunur.


Xəstəliyin səbəbindən asılı olaraq xəstəyə müalicə təyin olunur. Müalicə zamanı ağrısızlaşdıran və iltihabəleyhinə preparatlar (analgin, baralgin, diklofenak və s.), vitaminlər (xüsusilə B qrupu), massaj və müalicəvi bədən tərbiyəsi, manual terapiya, iynəbatırma, fizioterapiya (elektroforez, lazeroterapiya, maqnitoterapiya) istifadə oluna bilər.

Aygün Musayeva