Adətən qırmızı ət yeməklə bağlı xəbərdarlıqlar kişilərə ünvanlanır. Lakin elm adamları bəyan etdilər ki, bu məhsul qadınlarda da xərçəng ehtimalını artırır.
“Medicina” xəbər verir ki, Lids Universitetinin (Böyük Britaniya) mütəxəssisləri müəyyən ediblər ki, qırmızı ətin çox yeyilməsiilə qadınlarda kolon xərçənginin yaranması arasında əlaqə var.
Bu qənaəti 17 il ərzində 32 min qadının müşahidəsi zamanı əldə edilən rəqəmlər təsdiqləyir. Bu müddət ərzində eksperimentdə iştirak edən 335 nəfərdə kolon xərçəngi aşkarlanıb.
"Mütəmadi olaraq qırmızı ət (mal əti, donuz əti, quzu) yeyənlərin aşağı kolon xərçənginə tutulma riski daha yüksək idi".
Tədqiqatçılar özləri qeyd edirlər ki, aşkar etdikləri əlaqənin təkzibedilməz nəticə sayılmaq üçün hələ də əlavə təsdiqə ehtiyacı var. Eyni zamanda həkimlər bildiriblər ki, ailəsində bağırsaq xərçəngi olanlar qırmızı ətdən imtina etmək barədə düşünməlidirlər.
Qeyd edək ki, ÜST qırmızı ətlə bağlı tövsiyələrində ondan tamamilə imtina etməyin lazım olmadığını göstərir.
Aygün Musayeva