Yaponiyada Vakayama prefekturasını Peypa qasırğası vurub. Qasırğanın güclənəcəyi gözlənilir ki, bu da daşqın və sürüşmə təhlükəsi yaradacaq.
"Medicina" xəbər verir ki, sentyabrın 5-də mövsümün 15-ci qasırğası yerli vaxtla saat 1 radələrində Sikoku adasındakı Koti prefekturasını vurub, sonra isə Sakit okean sahilləri boyunca şərqə doğru hərəkət edərək, yerli vaxtla saat 9 radələrində Vakayama prefekturasının şimalına çatıb.
Hazırda "Peypa" Yaponiyanın Sakit okean sahili boyunca şərqə doğru hərəkət edir və sentyabrın 5-də təxminən axşam saatlarında Kinki, Tokay, Kanto-Kosin və Toxoku bölgələrinə çatacağı gözlənilir.
JMA-nın məlumatına görə, 24 saat ərzində sentyabrın 6-sı səhərə qədər Tokio da daxil olmaqla, Kanto-Kosin bölgəsində 300 millimetrə qədər, Tokay bölgəsində 250 millimetrə, Kinki bölgəsində isə 150 millimetrə qədər yağış yağacağı gözlənilir.
Meteoroloqlar sürüşmələr, alçaq ərazilərdə daşqınlar və çayların daşması ilə bağlı ehtiyatlı olmağa çağırıblar.