Gənc yaşda siqaretə başlayanlarda bu ağır fəsadlar olur

  • 2022.09.14 13:26
  • 1668 Baxış
Gənc yaşda siqaretə başlayanlarda   bu ağır fəsadlar olur

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna müraciət edən əsasən kişi xəstələrin hər üçündən birində mütləq 20 ildən çox və gün ərzində iki qutudan artıq siqaretçəkmə halları ilə qarşılaşırıq.


Bu da istər-istəməz həm ağciyər, həm də digər xəstəliklərin yaranmasında, inkişafında və onların ağırlaşmasında böyük rol oynayır. Siqaret çəkənlər arasında ağciyər xərçəngi, qırtlaq xərçəngi və xroniki obstruktiv ağciyər xəstəliklərinə daha çox rast gəlinir.


Gənc yaşlarda siqaretçəkmə xroniki bronxit xəstəliyinin yaranması ilə nəticələnə bilər. Bu zaman siqaretin yüksək dozalarda istifadəsini müşahidə edirik. Gənc yaşlardan başlayanlara siqaret çəkmək maraqlı olduğundan onun aludəçisinə çevrilir və gün ərzində bir neçə qutu və ya qısa müddət ərzində çox yüksək doza qəbul edirlər. Nəticədə hər hansı bir ağciyər infeksiyasının, ağciyər pnevmoniyasının əmələ gəlməsinə risk faktoru yaranır. Siqaretlə qəbul olunan tütünün tərkibindəki zərərli maddələr ağciyərin mikroflorasını çox kobud şəkildə pozur. Bu səbəbdən istənilən infeksiya, istənilən virus xəstəliklərinə qarşı bədənin müdafiəsini demək olar ki, çox zəiflədir. Nəticədə sentyabr-oktyabr və ya mart-aprel aylarında hər hansı bir respirator xəstəliklərin yayılmasını və xəstələnmənin sürətini artırır.

Medicina xəbər verir ki, bunu Azərtaca Ağciyər Xəstəlikləri İnstitutunun həkim-pulmonoloqu Kamran Məmmədov deyib.

Mütəxəssisin sözlərinə görə, gənc yaşlarda bronxial astmadan əziyyət çəkən xəstənin siqaretdən istifadəsi və ya onun tüstüsünə məruz qalması həmin xəstəliyin kəskinləşməsinə səbəb olur:


“Qeyd etmək istərdim ki, xroniki bronxit, pnevmoniya və bronxial astmanın kəskinləşməsində siqaretin rolu böyükdür”.

O, passiv tütünçəkmənin zərərlərinin bir neçə ilə üzə çıxdığını da vurğulayıb.

K.Məmmədov bildirib ki, hər hansı bir şəxs siqaretçəkməni erkən müddətdə tam tərgidərsə, bu zaman o, tam bərpa oluna bilər: “Erkən müddət dedikdə 5, bəzən isə hətta 10 ilə qədər olan müddət nəzərdə tutulur. Təəssüflər olsun ki, 10 il və daha artıq siqaret çəkənlərin və ya qısa illər müddətində gündə 3-4 qutu siqaretçəkənlərin orqanizmində yaranan dəyişikliklər tam sağalmır. Onlara geriyədönməz dəyişikliklər deyilir. Həmin şəxslər ömrü boyu o dəyişikliklərlə yaşamaq məcburiyyətindədirlər.

Həkim-pulmonoloq elektron siqaretlərin də ənənəvi siqaretlər kimi insan orqanizmi üçün zərərli olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, zərərin miqdarı, təsir müddəti, yaranma səbəbləri və inkişafı araşdırılmalıdır:


“Elektron siqaretlər dünyada son 10-15 ildə, bizim ölkədə isə beş ildir aktualdır. Qoxu gəlməməsinə görə vətəndaşlar daha çox həmin siqaretə üstünlük verirlər. Daha çox gənc xanımlar istifadə edirlər. Son araşdırmalar göstərir ki, elektron siqaretlər də ənənəvi siqaretlər kimi insan orqanizminə zərər verir, eyni xəstəliklərin - ağciyər xərçəngi, xroniki obstruktiv xəstəliklər və qırtlaq xərçəngin yaranmasında, inkişafında böyük rol oynayır”.