Hamilələrə qızılca peyvəndi vurdurmaq olar? -  AÇIQLAMA

  • 2024.01.07 14:42
  • 1833 Baxış
Hamilələrə qızılca peyvəndi vurdurmaq olar? -   AÇIQLAMA
Hamiləliyi planlaşdıran qadınların ən azı 6 ay əvvəl qızılcaya qarşı peyvəndlənməsi tövsiyə olunur".




Bunu Medicina.az -a açıqlamasında Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Xanım Mirzəyeva deyib.


Həkim hamiləlikdə qızılca virusuna yoluxmamağın üsullarını açıqlayıb.

"Vaxtında qızılcaya qarşı peyvənd olunmayan qadınlarda hamiləlik dövründə xəstəliyin gedişatı ağır ola bilər. Bunun əsas səbəbi hamiləlik dövründə qadının fizioloji olaraq immun sisteminin nisbətən zəifləməsindən irəli gəlir. Hamiləlikdə də əsas yoluxma mənbəyi hamilənin xəstə insanla kontaktda olmasıdır. Xəstəliyin hamiləliyə təsiri yoluxma müddətindən asılı olaraq dəyişir. İlk trimestrdə inkişafdan qalmış hamiləliyə, özbaşına düşüklərə səbəb olur. Əgər hamiləlik dövründə xəstəlik inkişaf edirsə, bu zaman uşaqda mərkəzi sinir sisteminin zədələnmələri, mayalanma dövrünə təsadüf etdiyi təqdirdə isə xromosom anomaliyalarının yaranmasına gətirib çıxara bilər. İkinci trimestrdə isə vaxtından əvvəl doğuş ilə nəticələnə bilər. Bəzən tam sağlam uşaqlar da doğula bilər. Qızılca zamanı ağciyər pnevmoniyasının inkişafı riski hamilələrdə yüksək olur. Təcili şəkildə həkimə müraciət olunmalıdır və 72 saat ərzində hamiləyə qızılca əleyhinə immunoqlobulin yeridilməlidir. Bu, həm virusa yoluxmanın qarşısını alır, həm də yoluxma baş verərsə, onun yüngül keçməsinə şərait yaradır.

Qızılcadan qorunmağın ən yaxşı və təhlükəsiz yolu xəstəliyə qarşı vaxtında peyvənd olunmaqdır. Bu peyvənd ölkəmizdə uşaqlara 1 yaşında və 6 yaşında yeridilir. Həmçinin, qızılca peyvəndi məxmərək peyvəndi ilə birgə yeridildiyi üçün hər iki xəstəlikdən qoruyur. Peyvəndlənmiş şəxslər xəstə insanla təmasda olsalar belə, ya xəstəliyə yoluxmurlar, ya da çox yüngül keçirirlər. Xüsusən də qızılcaya qarşı vaxtında peyvənd edilən uşaqlarda xəstəliyin ağırlaşmaları müşahidə edilmir".

Onun sözlərinə görə, hamiləlik zamanı qızılca peyvəndi vurdurmaq qəti şəkildə məsləhət görülmür.

"Hamiləliyi planlaşdıran qadınların ən azı 6 ay əvvəl qızılcaya qarşı peyvəndlənməsi tövsiyə olunur. Xəstəliyə yoluxan hamilələr üçün xüsusi bir müalicə planı mövcud deyil. Ona görə də simptomatik müalicə təyin edilir. Uşaq dünyaya gəldikdən sonra müayinə olunur. Əgər uşaqda qızılca aşkar olunarsa, o, anası ilə bərabər qalır və ana südü ilə qidalanır. Amma yoluxmayıbsa, ana izolyasiya olunur və müalicə planı təyin edilir".