Hava soyuduqca koronavirus artır - İnfeksionist

  • 2020.10.09 18:16
  • 12643 Baxış
Hava soyuduqca koronavirus  artır   - İnfeksionist

Azərbaycan bu gün nəinki ön cəbhədə düşmənlə mübarizə aparır, eləcə də düşmən qədər təhlükəli olan COVID-19- la mübarizəsini davam etdirir. Çünki son günlər pandemiyaya yoluxanların sayında artım var. Bir çox ölkələr pandemiyanın ikinci baharını yaşayır. Bu, artıq Azərbaycanda koronavirusu yenidən gündəmə gətirir.

Bu barədə REAL TV-yə infeksionist - həkim Namiq Nəbiyev məlumat verib. O qeyd edib ki, yeni yoluxan xəstələrin sayında əvvəlki günlərlə müqayisədə fərq var:

“Təbii ki, bu, bizə xeyir etmir. Əhaliyə demək istəyirik ki, müharibənin bu vaxtı ön cəbhəyə dəstək olmalıyıq”.

Mütəxəssislər bildirir ki, xüsusilə də payız mövsümündə xəstəliklərin baş qaldırdığı bir dövrdə mübarizə tədbirləri daha da gücləndirilməlidir. Çünki hava soyuduqca infeksion xəstəliklərin miqyası daha da güclənir. Koronavirus xəstəliyi ilə o xəstəliklər arasında müəyyən qədər oxşarlıq var.

“Bəs bu xəstəlikləri necə ayırmaq olar?” sualına həkim Aygün Məmmədova cavab verib ki, qrip 3 günə, ən uzağı 7 günə keçib gedir: “Amma koronavirusa yoluxmuş insanlarda hərarət artmağa başlayır. Əgər 37 dərəcə ilə başlayırsa, sonrakı günlərdə hərarətin 40 dərəcəyə qədər yüksəlməsi baş verir”.

Mütəxəssislər belə bir vaxtda qaydalara əməl etməyi tövsiyyə edirlər. Gündəlik maskadan istifadə edilməsi, əllərin dezinfeksiya edilməsi zəruri tədbirlərdəndir.