Hərarət ağızda ölçülməli, termometr dilin altına qoyulmalıdır- Reanimatoloq həkimdən QAYDALAR

  • 03 Dek 2021 15:11
  • 659 Baxış
 Hərarət ağızda ölçülməli, termometr dilin altına qoyulmalıdır -  Reanimatoloq həkimdən QAYDALAR

“İnsanlarda stress, yuxusuzluq, əsəbi gərginlik yüksək səviyyəyə qalxıb.

Üstəlik havalar dəyişkən keçdiyi üçün gündüzlər özlərini yorğun, ümumi zəif, halsız, hətta hava çatışmazlığı hiss edə bilərlər. Bu karonavirusun əlamətlərini xatırladır deyə insanların narahatlığı və qorxusu artır. Zatən Azərbaycanda 70% insanı dindirən kimi deyirdi ki, məndə nevroz var. İndi o nevrozların halını təsəvvür edin. Hamı gündə bir neçə dəfə temperaturunu ölçür, heç kimi qınamıram, əlbəttə. 37 dərəcə temperatur görən kimi bəzilərini az qalır infarkt vura”.

Bu sözləri tanınmış həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. Həkim bildirib ki, bədən hərarəti insanın yaşından, çəkisindən, cinsindən, əlavə xəstəliklərindən, maddələr mübadiləsinin sürətindən, içdiyi dərmanlardan, yediyi yeməklərdən, qəbul etdiyi maye miqdarından asılı olaraq hətta günün müxtəlif saatlarında dəyişir.

“Qadınlarda həm menstruasiyadan əvvəl, həm menstruasiya vaxtı, həm də ondan sonra (perimenstrual dövr) temperatur normal olaraq yüksək ola bilər.

Həm kişilərdə, həm qadınlarda günün səhər saatlarında hərarət ən aşağı, günortadan keçdikdən sonra normal olaraq ən yüksək olur.

Sizin hərarət saat 17:00-da 37.3 göstərirsə, bu tam normal haldır.

Ümumiyyətlə hərarət ağızda ölçülməlidir, termometr dilin altına qoyulmalıdır. Əlbəttə ki, termometrlər müxtəlifdir, hərəsinin öz üstünlüyü və çatışmazlığı var, böyük mövzudur, gələcəkdə bu mövzuya toxunaram.

Ağızda ölçülən temperatur 38 dərəcə göstərməlidir ki, qızdırma var deyək. Əslində hələ böyüklərdə 38.3-dür, mən bir az azaldıram ki, ehtiyatlı olsunlar. Qoltuqaltında isə 37.5-dən yuxarıdırsa, diqqət tələb edir. Bu rəqəmlərdən aşağı olan hərarət qızdırma sayılmır, heç bir klinik əhəmiyyəti yoxdur. Alında lazerlə ölçülən termometrlərdə isə siqnal 37.7 olmalıdır.

Bəzən deyirlər ki, ay həkim, məndə neçə gün 37.3 temperatur oldu, bunun səbəbi nə idi? Yuxarıda yazdıqlarımı oxuyun. Əlavə edim ki, biz insanlar hər gün əhəmiyyətsiz, müalicəyə ehtiyac olmayan çoxsaylı “xəstəliklərə” tutuluruq və öz-özümüzə sağalırıq”./publika.az/