Hisə verilmiş balıqdan zəhərlənən Vüsal komadan ayıldı

  • 2022.07.20 15:44
  • 2687 Baxış
Hisə verilmiş balıqdan zəhərlənən Vüsal  komadan ayıldı

Bir həftəyə yaxın süni tənəffüs aparatına qoşulu olan və ölüm təhlükəsi ilə üzləşən 2007-ci il təvəllüdlü yeniyetmənin həyatı xilas olunub.


Bakupost.az xəbər verir ki, 15 yaşlı Vüsal Mirzəgülov iyulun 5-də qida zəhərlənməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilib.


Xəstəxanaya gətirilərkən oğlunun demək olar ki, nəfəs ala bilmədiyini deyən ana Seyran Mirzəgülovanın sözlərinə görə, vaxtında tibbi müdaxilə olmasaydı övladı həyatını itirə bilərdi:

“İyulun 3-də Vüsal evdə hisə verilmiş balıq yedi. Növbəti gün oyananda oğlum dedi ki, ana başım gicəllənir, hər şeyi iki ədəd görürəm. Dərhal temperaturunu ölçdüm, lakin istiliyi yox idi.


Çay, ayran versəm də içə bilmədi. Axşam saatlarında vəziyyəti daha da ağırlaşdı və yaşıltəhər maye qusdu.

Bundan sonra Şabran Rayon Mərkəzi Xəstəxanasına apardıq. Düzdür, orada müəyyən tibbi yardımlar göstərildi, amma vəziyyəti düzəlmədi, əksinə daha da pisləşdi və uşağı Təcili Tibbi Yardım maşını ilə Kliniki Tibbi Mərkəzin tabeliyindəki 2 saylı Klinik Uşaq Xəstəxanasına gətirdilər.

Həkimlər dərhal müdaxilə edib, oğlumu yenidən həyata qaytardı.

Burada bizə çox yüksək səviyyədə xidmət göstərildi. Bütün xərclərimiz icbari tibbi sığorta tərəfindən qarşılandı. Başda xəstəxana rəhbərliyi olmaqla, burada çalışan bütün tibb işçilərinə minnətdaram”.

Həkim Samirə Orucovanın sözlərinə görə, hazırda Vüsalın vəziyyəti stabildir:

"Xəstə 5 iyulda reanimasiya şöbəsinə daxil olub. Gətirilərkən Vüsal çox ağır vəziyyətdə idi, nəfəs ala, hərəkət edə bilmirdi. Xəstədə iki görmə var idi. Bu botulizmin əlamətləri idi.

Xəstə dərhal süni tənəffüs aparatına qoşuldu. O, beş gün aparata qoşulu vəziyyətdə qaldı. Müvafiq müalicələrdən və zərdab vurulduqdan sonra xəstənin vəziyyəti yaxşılaşmağa başladı. Hazırda Vüsalın ümumi vəziyyətini stabil qiymətləndirmək olar. Tənəffüs və udma bərpa olunub. Xəstə artıq palataya köçürülüb”.


Hazırda 15 yaşlı Vüsal Mirzəgülovun xəstəxana şəraitində müalicəsi davam etdirilir.