I Türk Dövlətləri Kardioloji Qurultayı keçirilir

  • 2024.04.20 16:12
  • 398 Baxış
 I Türk Dövlətləri Kardioloji Qurultayı   keçirilir

Səhiyyə Nazirliyi və nazirliyin akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) birgə təşkilatçılığı ilə aprelin 19-21-də Bakıda I Türk Dövlətləri Kardioloji Qurultayı keçirilir.


"Medicina" xəbər verir ki, I Türk Dövlətləri Kardioloji Qurultayına Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Bosniya və Herseqovina, Şimali Kipr Türk Respublikasından kardiologiya sahəsində ixtisaslaşmış elmi və tibb müəssisələrinin, eləcə də peşəkar cəmiyyətlərin rəhbərləri və nümayəndələri qoşulublar.


I Türk Dövlətləri Kardioloji Qurultayının rəsmi açılış mərasimi aprelin 20-də keçirilib. Dövlət Himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılışda giriş sözü ilə çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev tədbir iştirakçılarını salamlayaraq, Qurulayın vacibliyini vurğulayıb: “Qardaş ölkələrin iştirakı ilə ilk dəfə təşkil olunan I Türk Dövlətləri Kardioloji Qurultayı ölkələrin tibb icmaları arasındakı münasibətlərin yeni mərhələyə keçdiyinin və təşkilatın dayanıqlı platforma kimi artan nüfuzunun göstəricisidir”.



Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbul şəhərində keçirilən VIII Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək, birgə gələcəyimiz üçün möhkəm təməllərin olduğunu vurğulayıb. Təşkilat çərçivəsində səhiyyə sektorundakı perspektiv imkanlardan danışarkən üzv və müşahidəçi ölkələrin coğrafi mövqeyi, demoqrafik göstəriciləri, əmək ehtiyatları, ixtisaslı işçi qüvvəsi nəzərə alınmalı mühüm amillərdir”, - deyə Teymur Musayev bildirib.



Onun sözlərinə görə, Qurultayda təmsil olunan ölkələrin tibb mütəxəssisləri ilə, eyni zamanda digər ölkələrdə fəaliyyət göstərən türksoylu peşəkarlarla əlaqələr qurmaq, onların təcrübələri ilə tanış olmaq və gələcək əməkdaşlıq imkanlarını müəyyənləşdirmək üçün möhkəm əsaslar yaradır: “Qurultay kardiologiya sahəsində tibbin ən son yeniliklərinə dair məlumatlarla tanış olacağınıza və ölkə vətəndaşlarının sağlamlığının möhkəmləndirilməsinə yönəlik faydalı biliklər əldə edəcəyinizə zəmin yaradır”.



Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində respublikamızın suverenliyi tam bərpa olduğunu vurğulayan Teymur Musayev, azad olunan torpaqlarımızda qardaş Türk Dövlətlərinin bərpa-quruculuq işlərində aktiv şəkildə iştirak etdiklərini qeyd edib.


Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı vurğulayıb ki, tarix boyu Türk xalqlarının ürəyi hər zaman bir-biri üçün döyünüb. Onun sözlərinə görə, beynəlxalq tədbir Türk Dünyasından olan kardiologiya mütəxəssislərini bir araya gətirərək, birgə tədqiqat imkanlarını nəzərdən keçirmək və ürək-damar xəstəliklərinin müalicəsində əhaliyə göstərilən səhiyyə xidmətlərinin keyfiyyətini artırmasına öz töhfəsini verəcək.



Açılış mərasimində, həmçinin Türkiyənin ürək nəqli edən ilk qadın doktoru, professor Serap Aykut, Qazaxstan Respublikasının baş kardioloqu, prrofessor Maxabat Bekbosınova, Özbəkistan Səhiyyə Nazirliyinin baş kardioloqu Xurşid Fozilov və digərləri çıxış ediblər.