İcbari sığorta ilə 33 minə yaxın öd əməliyyatı olunub

  • 2023.12.08 15:47
  • 1214 Baxış
İcbari sığorta ilə 33 minə yaxın öd  əməliyyatı olunub
Öd daşı xəstəliyinin cərrahi müalicəsi laparoskopik və açıq metodla həkim-ümumi-cərrah tərəfindən ümumi anesteziya altında aparılır. Hər iki üsulla icra edilən əməliyyat icbari tibbi sığorta tərəfindən qarşılanır.

"Medicina" xəbər verir ki, 2021-ci ildən cari ilin oktyabr ayınadək icbari tibbi sığorta çərçivəsində 32 473 xolesistektomiya (öd kisəsinin xaric edilməsi) əməliyyatı aparılıb. Onlardan 17 290-nı laparoskopik, 15 183-ü açıq üsulla icra olunub. Öd kisəsinin xaric edilməsi qarın boşluğunda ən çox icra edilən əməliyyatlardan biridir.

Qeyd olunub ki, xəstəliyin xüsusiyyətindən, yanaşı patologiyanın izlənməsindən və ümumi sağlamlıq vəziyyətindən asılı olaraq hər bir xəstəyə fərdi yanaşılaraq optimal cərrahi üsul seçilir. Öd daşıxəstəliyinin ağırlaşmış formaları və öd kisəsinin bəzi xəstəlikləri əməliyyat üçün əsas göstərişdir.



Sözügedən əməliyyatdan əvvəl aparılan həkim konsultasiyası, laborator və instrumental müayinələr, anesteziya, reanimasiya, stasionarda yatış, yatış və əməliyyat zamanı istifadə olunan dərman/tibbi sərf, qan və qan komponentləri, yatış müddətində qidalanma, 12 yaşa qədər uşaqlarda müşayiət edən şəxsin qidalanması sığorta tərəfindən tam qarşılanır.

Məlumat üçün bildirək ki, icbari tibbi sığorta ilə qarşılanan tibbi xidmətlərdən istifadə etmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir.

Aygün Musayeva