“İdmançı və məşhur simaların enerji içkilərini reklam etməsi gənclərə pis örnəkdir”- Qida təhlükəsizliyi eksperti

  • 2019.09.30 17:31
  • 9926 Baxış
“İdmançı və məşhur simaların enerji içkilərini reklam etməsi gənclərə pis örnəkdir”-  Qida təhlükəsizliyi eksperti

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin payız sessiyasının ilk iclasında deputat Musa Quliyev "Reklam haqqında” qanunda dəyişiklik edilməsini təklif edib. Millət vəkili bununla energetik içkilərin reklamının qadağan olunması fikrini irəli sürüb.


Bildiyimiz kimi, müasir dövrün yeni "bəlası” olan bu içkilərin sağlamlıq üçün saysız-hesabsız ziyanları vardır. Lakin hazırda ölkəmizdə bu tip içkilər geniş yayılıb. Onlardan istifadə nəinki yetişkin insanlar, hətta uşaqlar və yeniyetmələr arasında da sürətlə yayılıb. 


Enerji içkilərin tərkibində müxtəlif maddələr, xüsusil kofein var. Enerjili içkilər bir müddət orqanizmi tonusa gətirmək gücünə qadirdir. Amma bu içkilər həm də ürək fəaliyyətini, sinir sisteminin fəaliyyətini fəallaşdırdıqda uzun müddət onlardan istifadə etmək məqsədəuyğun deyil. 


Hazırda ölkəmizdə satışda olan müxtəlif istehsalçılara məxsus enerji içkiləri satılır. Onların bəzilərinin reklamında isə bir çox önəmli uğurlara imza atmış idmançılar, çempionlər və ya şou-biznes ulduzları iştirak edir. 


Məsələn, bazara yeni daxil olmuş  "full” və "bizon” içkilərinin reklamını  Karate üzrə beşqat dünya, 11 dəfə Avropa çempionu Rafael Ağayev, məşhur aktyor və teleaparıcı İlkin Həsəni və minlərlə gənclərin sevimli ifaçısı olan əməkdar artist Miri Yusif reklam edir. Onların fotoları həmin enerji içkiləri ilə birgə reklamlarda, küçələrdə, müxtəlif tədbirlərdə göz önündədir. Belə olan halda, yeniyetmə və gənclər bu simalar reklam edirsə, deməli içmək olar fikri ilə energetik içkilərin alıcısına çevrilir. 


Bu tip zərəli enerji içkilərinin yerli məşhur simalar tərəfindən reklam edilməsi nə dərəcə də doğrudur? Belə olduqda onların bütöv bir cəmiyyətə, xüsusilə gənclərə zərərli içkilərin təbliğini aparmasına nə ad vermək olar? 


Məsələ ilə bağlı Medicina.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, öz sahələrində uğur qazanmış şəxslərin bu cür təbliğat aparmaları yolverilməzdir:


"Birmənalı şəkildə idman yarışlarına energetik içkilərin sponsorluq etməsi düzgün deyil. Eləcə də, idmançıların və məşhur simaların bu cür enerji içkilərini reklam etməsinin tam əleyhinəyəm. Çünki onlar cəmiyyətin , xüsusilə gənc nəslin nümayəndələridir. Onlar hər bir işdə elə addım atmalıdır ki, gənclər üzərində yalnız müsbət təsirləri olsun.



Ekpert bildirib ki, enerji içkilərinə əlçatanlılığın azaldılması üçün müəyyən işlər görülsə də bunlar yetərli deyil: 


" Bu içkilərin tərkibində insanı asılı salan, içkiyə alışdıran maddələr vardır. Demək olar ki, onların heç birinin tərkibində insan orqanizmi üçün müsbət sayılacaq maddələr yoxdur. Buna görə də, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi enerji içkilərinin tərkibinin dəyişdirilməsi barədə məsələ qaldırıb və həmin iş indi də agentliyin nəzarətindədir. Bu içkilərin tərkibində dəyişiklik gedərsə, vətəndaşların sağlamlığı üçün heç də pis olmaz. 

Lakin enerji içkilərinin reklamına tamamilə qadağa qoyulması ilə bağlı deyilənlər real görünmür. Bu inandırıcı deyil. Hətta ölkəmizdə spirtli içkilərin reklamına qadağa var, lakin mən 4 il öncə müqəddəs ramazan ayında Bakıda küçələrin birində spirtli içki reklamını gördüm. Ona görə də reklam məsələsinin Milli Məclisdə müzakirə ediləcəyi və qəbulu inandırıcı deyil. Bir yandan biz dərk etməliyik ki, azad bazar iqtisadiyyatıdır və bunun inzibati yollarla qarşısını almaq mümkün deyil”.