İnsanı öz qanı ilə cavanlaşdıran PRP nədir – Kosmetoloqdan prosedur barədə AÇIQLAMA

  • 2019.11.19 16:29
  • 13022 Baxış
İnsanı öz qanı ilə cavanlaşdıran PRP nədir –  Kosmetoloqdan prosedur barədə AÇIQLAMA
PRP, yəni Platelet Rich Plazma (Platelet - trombosit ilə zənginləşdirilmiş plazma) ilk dəfə stomatologiya sahəsində tətbiq edilməyə başlanıb. Sonradan kosmetologiya sahəsində də özünə yer edə bilib. Hazırda kosmetologiyada geniş tətbiq olunan bu prosedur necə həyata keçirilir və nə kimi faydası var? 


Əsasən xanımları maraqlandıran bu üsulla bağlı sualları həkim- kosmetoloq Sevda Eyvazova Medicina.az -a açıqlamasında cavablandırıb. Onun sözlərinə görə, bu prosedur artıq uzun müddətdir kosmetologiyada istifadə edilir: 


"İlk öncə qeyd edim ki, bu həm kosmetik , həm də müalicəvi məqsədlə istifadə edilən tibbi prosedurdur. PRP-nin tətbiqi zamanı insan bədəninin digər hissəsindən alınan qan sentrifuqadan keçirilir. Bundan sonra qan laxtalanmasını təmin edən trombositlər ayırd edilir və lazımlı bölgəyə inyeksiya edilir. Bu prosedur əsasən dəri sallanması, sızanaq, qırışlar, ləkə, yara izləri, dəri çatlaqları, saç tökülməsi və s. zamanı istifadə edilir. Qeyd edim ki,trombositlər toxumaların fəaliyyətinin yaxşılaşmasında və qanın laxtalanmasında əhəmiyyətli rolu olan qan hüceyrələrindən ibarətdir. Bu özündə vacib protein məhsulları və bağ toxuması ehtiva edir. Ona görə də, bu üsul yaralanmış bir bölgəyə tətbiq edildiyində, toxuma yenilənməsi başlanır və sürətlə yaxşılaşma qeydə alınır. Bu müalicə sayəsində dəri ləkələrinin, sızanaq izlərinin aradan qaldırılması, dərinin daha da canlı və parlaq görünməsi qeydə alınır”.



Kosmetoloqun sözlərinə görə ilk prosesdən sonra dəridəki canlanma özünü göstərir: " PRP-nin tam effektiv olması üçün minimum 5 seans həyata keçirilməsi gərəkdir. Prosedur edildiyi gün, həmin bölgəyə su vurmaq olmaz. Tətbiq edilən maddə xəstənin öz qanı ilə hazırlandığı üçün allergiya riski yoxdur. Yalnız prosedur əsnasında qızartı meydana gələ bilər və bu qızartı da bir neçə saat sonra tamamilə keçir. Bəzən ola bilər ki, iynələrdən sonra üzdə kiçik göyərmə olsun. Bu zaman K vitaminli kremlərdən həmin hissəyə tətbiq etmək lazımdır”.



 

Afaq Rza
İnsanı öz qanı ilə cavanlaşdıran PRP nədir –  Kosmetoloqdan prosedur barədə AÇIQLAMA
İnsanı öz qanı ilə cavanlaşdıran PRP nədir –  Kosmetoloqdan prosedur barədə AÇIQLAMA