Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İsti hava insanları daha əsəbi və aqressiv edir - Həkimdən xəbərdarlıq

  • 2025.08.03 10:00
  • 199 Baxış
İsti hava insanları daha əsəbi və aqressiv edir -  Həkimdən xəbərdarlıq

Uzunmüddətli və ya intensiv isti hava şəraiti insanların emosional vəziyyətinə ciddi təsir göstərir.

Qaynarinfo xəbər verir ki, bu barədə psixoterapevt Yuliya Romanenko gazeta.ru-ya danışıb.

Həkim bildirib ki, yüksək temperatur bəzi insanlarda narahatlıq, aqressiya və qıcıqlanma doğurur, bu da ətrafdakılarla münasibətlərə mənfi təsir göstərə bilər. Romanenkonun sözlərinə görə, insanın fizioloji vəziyyəti ilə emosional durumu daim paralel şəkildə fəaliyyət göstərir: "Birində dəyişiklik baş verərsə, digərində mütləq cavab reaksiyası yaranır".

Araşdırmalar sübut edir ki, uzunmüddətli isti hava zamanı qanda adrenalin və kortizol səviyyəsi yüksəlir. Bu isə ürək döyüntülərinin artması, qan təzyiqinin qalxması və nəfəsalma tezliyinin yüksəlməsi ilə müşayiət olunur - yəni, təhlükə vəziyyətindəki kimi fizioloji reaksiya yaranır. Nəticədə isə insan özünü narahat hiss edir, tez-tez qəzəblənir.

Yüksək temperatur orqanizmdə ümumi gərginlik yaradır və bu zaman bütün emosiyalar - sevinc, qorxu, əsəb - daha intensiv şəkildə özünü büruzə verir. Əgər insan onları şüurlu şəkildə idarə etmirsə, emosional partlayış ehtimalı yüksəlir.

"Beyində bu cür emosiyaları cilovlayan sahə - prefrontal korteks - isti hava fonunda aktivliyini azaldır. Bu isə kiçik bir narahatlığın belə mübahisəyə səbəb olmasını asanlaşdırır", deyə psixoterapevt əlavə edib.

Bədəndəki gərginlik yalnız emosional deyil, zehni fəaliyyətə də təsir edir:

* Yorğunluq tez yaranır
* Yaddaş və diqqət zəifləyir
* İnsan emosiyalarının nəticələrini dəyərləndirməkdə çətinlik çəkir

Bu vəziyyətdə insanlar çox vaxt düşünmədən impulsiv hərəkətlərə yol verirlər və nəticədə kiçik anlaşılmazlıqlar ciddi mübahisələrə çevrilə bilər.

Həkim izah edir ki, istinin özü belə artıq qıcıq yaradır və insanda vəziyyətdən qaçmaq istəyi formalaşdırır. Bu səbəbdən neytral hadisələr belə insan tərəfindən mənfi, hətta düşməncəsinə qəbul oluna bilər. Romanenko bildirir ki, bu mexanizmləri anlamaq və vəziyyətə yanaşmanı dəyişmək insanın həm psixoloji, həm də fizioloji vəziyyətini yaxşılaşdıra bilər:

"İstiyə münasibətimizi dəyişərək, bu havada özümüz üçün müsbət cəhətlər tapmağa çalışaraq, özümüzə rahat şərait yarada bilərik. Hətta bu hava bəhanəsi ilə qısa istirahət də təşkil etmək olar. Beləliklə, bədən stres hormonları deyil, rahatlıq və zövq hormonları istehsal etməyə başlayacaq".


İsti hava insanları daha əsəbi və aqressiv edir -  Həkimdən xəbərdarlıq