Karantin rejimi daha da sərtləşməlidir, başqa yolumuz yoxdur - "Semaşko"nun terapevti

  • 2020.11.03 15:07
  • 6166 Baxış
Karantin rejimi daha da sərtləşməlidir, başqa yolumuz yoxdur   - "Semaşko"nun terapevti

Koronavirusa yoluxanların sayı daha arta bilər, prosesin gedişatı bunu göstərir.

Medicina.az xəbər verir ki, bunu açıqlamasında koronavirus xəstələrinin müalicəsi ilə məşğul olan 1 Sayli Kliniki Tibbi Mərkəzin terapevti, Tibb elmləri namizədi Eldar Kamranov deyib.

"Dövlət qabaqlayıcı çox tədbirlər görüb. Xəstələrin vaxtında hospitalizasiyası, virusa yoluxmanın aşkar olunması, izolyasiya olunması, o xəstələrlə kontaktda olanların vaxtında aşkarlanıb onların da izolyasiya olunması tədbirləri, modul tipli xəstəxanaların yüksək səviyyədə təchizatla təmin edilməsini misal göstərə bilərəm. Buna baxmayaraq COVİD-ə yoluxanların sayı arta bilər. Dünyanın hər yerində artır, bizdə də arta bilər, baxmayaraq ki, bizdə bu virusla dövlət səviyyəsində mübarizə gedir.


Açığı deyim ki, bir dənə səhvimiz var. O səhv də ondan ibarətdir ki, biz ictimai yerlərdə, insanların çox olduğu yerdə məsafə, maska prinsipini gözləmirik. Bu, çox acınacaqlıdır. Vətəndaşların böyük əksəriyyəti məsuliyyətsizdir. Düzdür, dövlət istəmir ki, onları cərimələsin, cəza tədbiri görsün. Ancaq buna baxmayaraq ən azı müəyyən bir qurumlar yenə aktivləşməlidir. Bütün mağazalarda, apteklərdə, avtobuslarda məsuliyyətsiz adamlarln bəziləri simvolik də olsa cərimələnməlidir, tənbeh olunmalıdır, KİV-lərdə göstərilməlidir ki, bu adamlar reyd vaxtı maskasız halda kameraya düşüblər və s.

Hamilə qadın bu şəkildə nə gəzir mağazada?!

Mən bu səhər ərzaq almaq üçün mağazaya getmişdim. İçimdə o qədər əsəbləşdim. Hətta bir hamilə gəlin gördüm, o da maskasız. Yalandan maskanı çəkib çənəsinin altına. O hamilə qadın əgər COVİD olarsa, onu xəstəxanaya gətirəndə biz 5 həkim onun başının üstündə dururuq. Bizdən bir saatdan bir soruşurlar, hamilə qadının vəziyyəti necədi, körpəsinin vəziyyəti necədir. Çünki onlara müəyyən müalicələr də aparmaq olmur, rentgen etmək olmur, KT etmək olmur, dölə mənfi təsir edər deyə lazımi preparatı vermək olmur. Hamilə qadın bu şəkildə nə gəzir mağazada?!

Başqa yolumuz yoxdur

Reydləri gücləndirmək lazmdır, dövlət karantin rejimini mütləq gücləndirməlidir, bizim başqa yolumuz yoxdur. Məsuliyyətsiz vətəndaşların bəzilərini cərimələmək lazımdır. Özü də çox maraqlıdır ki, mağazanın işçilərinin əksəriyyətinin özünün də maskası yoxdur, dəhşət budur. Onlar da cərimələnməlidir, mağaza sahibi də. Dövlət sərt karantin rejiminə getməlidir ki, bunun qarşısını alaq. Özü də ölkəmizdə müharibə gedir. Allah xalqımıza, ordumuza, Ali Baş Komandanımıza kömək olsun. Ancaq biz yenə ayıq olmalıyıq"./Milli.Az