Kişilərin kabusuna çevrilən saç tökülməsinin səbəbləri və həll yolları

  • 2024.02.27 20:06
  • 700 Baxış
Kişilərin kabusuna çevrilən saç tökülməsinin səbəbləri və həll yolları
Müasir həyat niyə kişilərin saçlarının tökülməsinə səbəb olur və bu vəziyyətin qarşısını necə almaq olar?

Medicina.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər illərdir bu suallara cavab tapmağa çalışırlar.

Sağlamlıq və Baxım Mükəmməlliyi İnstitutunun (NİCE) məlumatına görə, “androgenetik alopesiya” adlanan keçəllik 30 yaşdan aşağı olan kişilərin 30 faizinə, 70 yaşdan yuxarı kişilərin isə təxminən 80 faizinə təsir edir.

Pekindəki Tsinxua Universitetində aparılan son araşdırma şəkərli içkilər qəbul edən gənc kişilərin keçəlləşməyə daha meylli olduğunu göstərib.

Bu sahədə mütəxəssis olan Anabel Kinqsli deyir ki, bir çox kişi saç tökülməsi üzündən maddi və mənəvi problemlər yaşayır:

"Dostları ilə şəkil çəkdirməkdən imtina edən bir neçə gənclə rastlaşmışam. Kişilərə lağ etmək məqbul hesab olunduğu üçün onların işi həqiqətən çətindir. Bu tip insanlar zarafatlara gülürlər, amma sonra təkbətək qaldıqda bu mövzuda özünə qapanırlar, depressiyaya düşürlər. Məsələn, bir kişi üzməyi sevdiyi halda üzməkdən imtina edirdi, çünki saçları islananda keçəlliyi daha çox görünürdü”.

Kinqsli deyir ki, kişilərdə saç tökülməsinin əsas səbəblərindən biri genetikadır. Lakin həyat tərzi də bu baxımdan təsirsiz ötüşmür. Sağlamlığına diqqət etməyən kişilərdə problem daha kəskin hal alır.

Saç tökülməsini sürətləndirən digər əsas amillər bunlardır:

- Stress
- Pis qidalanma
- D vitamini və B12 vitamini çatışmazlığı

Kinqslinin sözlərinə görə, həddindən artıq məşq etmək də saç tökülməsini artırır. Çünki həddindən artıq məşq bədənə bir növ stress kimi təsir göstərir. Çinin Mərkəzi Cənub Universitetində aparılan son araşdırma 60 dəqiqəlik müntəzəm məşqin kişilərdə keçəlliyin inkişafını gecikdirməyə və simptomları yaxşılaşdırmağa kömək etdiyini göstərib. Lakin lazımından artıq idman əks effekt verir.

Kinqsli qida, şampun və ya idman kimi faktorların yalnız müvəqqəti olaraq müsbət təsir edə biləcəyini, saç tökülməsi başlayan kimi həkimə müraciət etməyin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

“Keçəlliyə qarşı dərman və hormon terapiyasının kombinasiyası ilə çox müsbət nəticələr əldə edilir. Müalicəyə nə qədər gənc başlasanız, bir o qədər təsirli olur. Biz hesab edirik ki, ən yaxşı müalicə minoksidil və hormon terapiyasıdır. UV terapiyası, steroid inyeksiyaları, immun sistemi dərmanları da həkim təyinatı və nəzarəti ilə istifadə edilə bilər”.


Gül