Klimaks dövrünü asanlaşdıracaq 5 məsləhət

  • 2024.03.12 19:34
  • 423 Baxış
Klimaks dövrünü asanlaşdıracaq  5 məsləhət
Qadınlarda estrogen səviyyəsinin aşağı düşməsi səbəbilə əsasən 45-55 yaşları arasında müşahidə olunan menopoz qəmginlik, əsəbilik, artan narahatlıq və motivasiyanın azalması kimi hallara səbəb olur.

Medicina.az bu dövrü daha asan keçirmək üçün hər bir qadının edə biləcəklərini araşdırıb.

Menopoz çəki artımı da daxil olmaqla, müxtəlif simptomlarla əlaqələndirilir və həyatın təbii bir mərhələsidir. Ekspertlər bu mərhələnin həyat sevincinizi məhv etməsinə imkan verməməyinizi məsləhət görürlər.

Dr. Monika Kristmas menopoz dövründə olan qadınlara aşağıdakı tövsiyələri verib:

Bədəninizə dəyər verin

Doktor hesab edir ki, bank hesabınızla necə davranırsınızsa, qida menyunuza da eyni həssalıqla yanaşmalısınız:

"Bədəninizə nəyin daxil olacağını doğru seçin və kaloriləri necə xərclədiyinizə xüsusi diqqət yetirin".

Həkimin fikrincə, iltihab əleyhinə qidalarla (Aralıq dənizi pəhrizi buna uyğundur) bitki əsaslı pəhrizə sadiq qalmaq və tərkibində natrium, şəkər, trans yağlar olan işlənmiş qidalardan çəkinmək özünüzə verə biləcəyiniz ən yaxşı hədiyyədir.

Fiziki aktivliyi həyat tərzinə çevirin

“İdman norma hesab edilən çəkidə qalmaq və qocalmanın səbəb olduğu əzələ itkisi ilə mübarizə aparmaq üçün ən effektiv vasitədir. Həftədə 150 dəqiqə orta intensivlikdə fiziki fəaliyyətlə məşğul olmağı və həftədə iki gün əzələləri gücləndirən məşqlər etməyi məsləhət görürəm", - deyə Dr. Monika bildirib.

Alkoqolu məhdudlaşdırın

Doktorun sözlərinə görə, spirt bədənə əlavə kalori yükləməkdən əlavə, həm də yuxunu poza, depressiyanı şiddətləndirə və ya tətikləyə bilər:

“Əksər insanlar spirtli içki qəbul edərkən daha çox yeməyə meyllidirlər və adətən bu zaman yedikləri tərəvəz olmur”.

Yuxuya əhəmiyyət verin

"Tədqiqatlar kifayət qədər yuxu almamağı çəki artımı ilə əlaqələndirir. Kifayət qədər yatmayan insanlar daha çox qəlyanaltı yeyirlər və yüksək kalorili qidalardan istifadə etməyə meyilli olurlar. Menopoz dövründə kökəlmək başqa sağlamlıq problemlərinə də səbəb ola biləcəyi üçün, bu dövrü normal çəki ilə yola salmağa çalışmalıyıq”, - deyə Dr. Monika vurğulayıb.

Özünüzü sevin və qayğı göstərin

Həkim əlavə edib ki, özünü sevmək, özü və bədəni ilə sülh içində olmaq, ən az mütəmadi idman və sağlam pəhriz qədər əhəmiyyətlidir:

“Klimaks dövrü bəzi insanlar üçün qorxulu ola bilər. Sizi xoşbəxt edən fəaliyyətlərə vaxt ayıraraq bu qorxulardan uzaqlaşa bilərsiniz. Bu, ümumi rifahınız üçün çox vacibdir”.


Aysel