Koronadan ölümlərin üçdə biri ürəklə əlaqəlidir - Həkim

  • 2021.11.26 12:13
  • 983 Baxış
Koronadan ölümlərin üçdə biri ürəklə əlaqəlidir -  Həkim
“COVID-19 infeksiyası tənəffüs yollarının xəstəliyi kimi görülsə də, əsasən xəstəliklə bağlı ölümlərin üçdə biri ürəklə əlaqəli səbəblərə görə baş verir”.


Medicina.az -ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi İlqar Tahiroğlu deyib.

O bildirib ki, bu ölümlər ya ciddi ritm pozğunluğu, ya da ürəyin zədələnməsinin nəticəsidir:

“Buna görə də reanimasiya şöbələrində ürəklə bağlı ölümlər ön plandadır.

COVID-19 virusu əsasən damarların tutulmasına səbəb olur. Buna görə də bu virus damar olan yerdə ciddi problemlər yarada bilər. Virusun yaratdığı ən mühüm problem onun damardaxili laxtalanmaya səbəb olmasıdır. Bu vəziyyət bir tərəfdən ağciyərlərdə tutulmaların əsasını təşkil edir, digər tərəfdən də infarkt keçirməyi asanlaşdıran faktor kimi görünür”.

İ. Tahiroğlu qeyd edib ki, COVID-19 mövcud ürək xəstəliklərinin ağırlaşmasına səbəb olur:

“COVID-19 virus mənşəli xəstəlikdir və bütün orqanlara təsir etdiyi kimi ürəkdən də yan keçmir. Ürək çatışmazlığı, ürək xəstəlikləri olan insanlar COVID-19-u daha ağır keçirir. COVID-19 ürək əzələsinin iltihabına səbəb olur. Bu zaman əzələ gücü zəifləyir və ürək çatışmazlığına gətirib çıxarır. Həmçinin ürəkdə aritmiya nəticəsində xəstədə mədəcik mənşəli döyüntü pozğunluğu yaranır və bu, ürək dayanmasına qədər gətirib çıxarır”.