Koronavirus bizə nə öyrətdi? - Həkim yazısı

  • 2020.06.12 21:14
  • 2877 Baxış
Koronavirus bizə nə öyrətdi?  - Həkim yazısı

Ramil Həşimli
Otolarinqoloq (LOR)
Dossent, Tibb üzrə fəlsəfə doktoru


Ən yaxın dostlarımız, qohumlarımız xəstədir. Dünən yenə dost doktorumuzu cavan yaşda itirdik. Acımız çoxdur, əsəblərimiz tarıma çəkilib. Qorxuruq, ehtiyatlanırıq! İnanmayanlara deyəcək söz tapa bilmirik... və s. Amma, hər hadisənin, hələ bu hadisə bütün dünyanı yerindən oynadırsa, bir çox hikməti var! Bu hikmətləri oxumaq borcumuzdur, oxumasaq, anlamasaq, heç bir faydası olmayacaq.

Öz sahəmizə baxsaq, o bucaqdan dəyərləndirsək, deyə bilərik ki, korona sayəsində bir çox çatışmazlıqlarımız üzə çıxdı. Ən önəmlisi yenə insan faktoru - hər tərəfli yetişmiş kadr çatmazlığı. Bu yazdıqlarımdan bəlkə də çox dost inciyəcək. Amma, kiminsə zərbələri üzərinə alıb küsüləcək insan, "PİS ADAM" olmasının zamanı çoxdan yetişib. Müstəqillik dönəmində minlərlə həmvətənimiz tələbə, magistr, doktorant, uzman və s. təhsil pillələrində dünyanın az qala bütün ölkələrində təhsil aldı. Bunların içində öz ailəsinin, qohumlarının imkanları ilə oxuyanlar da oldu, müxtəlif təqaüd proqramları ilə də. Amma, son 2 on illikdə bəlkə də ən çoxu dövlət proqramı hesabına. Birincilərə bəlkə də bir söz demək imkansız. Amma, sonuncular bir şeyi dəqiq bilməli idilər - dövlət əgər kimisə oxudursa, oxuyanın ilk vəzifəsi geri dönüb ən az 3 il ixtisasına uyğun göndəriləcəyi yerdə (fərq etməz, Bakıda nazirlikdə vəya Gədəbəydə ucqar dağ kəndində) çalışıb borcunu ödəməsi olmalıdır.

Uzağa getməyək, qardaş Türkiyədə məcburi hizmət anlayışı var - doktor, müəllim, məmur fərq etməz, təhsilini bitirdikdən sonra ən ucqar şəhərlərdə bir neçə il çalışmasa, İstanbul-İzmir-Ankara kimi şəhərlər yolu bağlı olur! ABŞ-da universitet təhsilini dövlətin ödəməsi üçün illərlə orduda ən qaynar nöqtələrdə əsgəri xidmət keçirilir! Bəs bizdə? İndi hamımız hər şeyi, hamını günahlandırırıq, bəs neçəmiz qayıdıb özümüzə verməli olduğumuz sualı verib, vicdanımızla haqq-hesab etdik? İçimizdə "sahib çıxmadılar, göndərmədilər, pul istədilər və s." bəhanələri (bəli - BƏHANƏLƏRi) səsləndirən az olmayacaq. Amma, biz neylədik, israr etdikmi? Doktor dostlarımız, neçəmiz gedib ən azından öz doğulduğumuz şəhərdə, rayonda çalışmağa razı olduq? Heç kim inciməsin, amma bunu edənlər barmaq sayı qədər oldu! Böyük təəssüf! İllərlə alan da, satan da razı oldu! Heç kim sərf etdiyi üçün səsini çıxarmadı. Yaxşı gəlin, heç olmasa bundan sonra vicdanımızı qıdıqlayaq, nəyisə dəyişməyə razı olaq! Tezliklə ümidvaram ki, bu bəla başımızdan sovrulacaq. Ondan sonra yenə heç nə olmamış kimi davransaq..! Bu günə kimi olanlar oldu artıq, amma heç olmasa indən belə düzələk! Qolları sıvayıp hamılıqla incimədən, küsmədən, bir-birimizə təpik atmadan, bütün pislikləri unudaraq həm özümüzün, həm övladlarımızın gözəlliklər içində yaşaması üçün çalışmalıyıq! Əks təqdirdə, elə öz nəvələrimiz gorumuzə tüpürəcək!