Koronavirus şiddətli saç tökülməsinə səbəb olur? - Həkimdən açıqlama

  • 2020.08.30 15:45
  • 3647 Baxış
Koronavirus şiddətli saç tökülməsinə səbəb olur? -  Həkimdən açıqlama
Həyatımızın son aylarında ən çox danışılan mövzu yeni tipli koronavirus - SARS-CoV-2 Covid-19 virusu və onun törətdiyi xəstəlikdir.

Virusun törətdiyi pandemiyanın tüğyan etdiyi ilk dönəmlərdə öyrəndik ki, Covid-19 məruz qaldığı mutasiyalar nəticəsində bildiyimiz başqa viruslardan əlamətlərinə, bu əlamətlərin ağırlıq dərəcəsinə görə fərqlənir. Həmçinin məlum oldu ki, bu virusun törətdiyi xəstəlik ağır tənəffüs çatışmamazlığına səbəb olan pnevmoniya əmələ gətirə bilər ki, bu da ciddi ağırlaşmalar törədə bilər, və bu səbəbdən də Covid-19-un ölüm faizi digər respirator viruslardan yaranan xəstəliklərlə müqayisədə xeyli yüksəkdir.

Aylar keçdikcə həkimlər xəstələrin müşahidəsi zamanı yeni əlamətlər qeyd etməyə başladılar - virus nəticəsində qan damarlarında tromboemboliyanın əmələ gəlməsi, sinir sistemində pozulmalar, dəridə yaranan səpkilər və s.

Saç və baş dərisinin diaqnostika və müalicəsi ilə məşğul olan həkim kimi onu demək istəyirəm ki, son vaxtlarda Covid-19-a yoluxub sağalmış xəstələrin bir çoxu reaktiv (şiddətli) saç tökülməsi şikayəti ilə müraciət edirlər.

Bildiyimiz kimi, Covid-19 virusuna yoluxmuş xəstələrdə ağırlaşmaların riski pasiyentin yaşı və yanaşı xroniki xəstəliklərin olub-olmadığı ilə əlaqəlidir. Amma xəstəlikdən yaranan və adətən sagalandan bir neçə həftə (6-10 həftə) sonra başlayan şiddətli saç tökülməsinə həm cavan, həm də nisbətən yaşlı xəstələrdə rast gəlinir. Bunun səbəblərini belə izah edə bilərəm:

1. Xəstəlik zamanı əmələ gələn güclü intoksikasiya orqanizmin bütün toxumalarına olduğu kimi, saçlara da toksiki təsir göstərir.

2. İnsan orqanizmi və onun immuniteti indiyədək heç vaxt görmədiyi, tanımadığı virusla qarşılaşdıqda güclü streslə qarşı-qarşıya gəlir. Bunun üzərinə insanın bu xəstəliyə yoluxma faktı, xəstəxana şəraiti və s. ilə əlaqədar məruz qaldığı psixoloji stress də gələrsə, bu stressin miqyasını təsəvvür etmək çətin deyil.

3. Covid-19 virusuna yoluxub xəstəliyi ağır keçirən xəstələrə tətbiq olunan antiviral preparatlar, ağır antibiotik kombinasiyaları, antikoaqulyantlar, xinin və s. preparatların da yan təsiri güclü saç tökülməsi ola bilir. Buna trixologiyada “medikamentoz allopesiya” deyilir. Kimyəvi maddələrin təsirindən, hətta anagen tökülmə yarana bilər ki, bu zaman saçlar tökülmə (telogen) fazasına keçmədən inkişaf fazasında (anagen) reaktiv tökülməyə məruz qala bilər.

4. Ağır Covid-19 xəstələrində “sitokin fırtınası” deyilən immun reaksiya əmələ gələ bilər ki, bu vəziyyət də reaktiv saç tökülməsinə səbəb ola bilər. Həmçinin bütün remissiya vəziyyətində olan autoimmun xəstəliklər kimi, Allopesiya areata (Ocaqlı allopesiya) xəstəliyinin daha da kəskinləşməsinə səbəb ola bilər.

Bütün bu səbəblərdən saçların çox hissəsi inkişaf fazasından (anagen) birbaşa tökülmə (telogen) fazaya keçir və pasiyent şiddətli saç tökülməsi ilə qarşı-qarşıya gəlir. Lakin bir çox hallarda bir neçə ay ərzində saç tökülməsi həkim müdaxiləsi olmadan belə stabilləşir, saçlar xəstəlikdən əvvəlki vəziyyətinə qayıdır, əsasən həkimə müraciət etməyə ehtiyac olmur.

Əgər pasiyentdə saç tökülməsi ilə əlaqədar olaraq hədsiz təşviş yaranarsa, bu saç tökülməsini daha da artırar və tamamilə saçlarını itirmək qorxusu yaşayan xəstə yaşadığı psixoloji gərginlik səbəbindən artıq stress səbəbli saç tökülməsi ilə üzləşər ki, bunun müalicəsi üçün isə mütləq həkimə müraciət etmək lazımdır.

Bəzi hallarda stress, gərginlik etiologiyalı saç tökülmələrini uzun illər müalicə etmək lazım gəlir.

Həkim-trixoloq Gültəkin Abdullayeva

Yazı “Zəka” Ziyalılar Məclisi İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində hazırlanıb.