Koronavirusu uşaqlara necə başa salmaq olar? - Mütəxəssislər izah edir

  • 2020.08.25 13:42
  • 3010 Baxış
Koronavirusu uşaqlara necə başa salmaq olar?  - Mütəxəssislər izah edir

Koronavirusla mübarizədə yay fəsli artıq geridə qalır. Payıza qapalı məkanlarda mövsümi xəstəlikləri də əlavə etsək, bu hal daha da çətinləşə bilir. Sosial məsafə, gigiyena və maskalar bu çətin prosesdə kritik tədbir kimi görünsə də, bu qaydaları düzgün yanaşma ilə uşaqlara izah etmək və təhlükələrdən qorunma barədə məlumatlandırmaq çox vacibdir. Aylardır davam edən virusa qarşı mübarizə istər böyüklər, istərsə də kiçiklər üçün çətin oldu. Buna görə də qarşıdakı günlərdə uşaqların qaydalara əməl etməsi, təhlükəsiz bir mühit yaratmaq çox önəmlidir.

Medicina.az xəbər verir ki, psixoloqlar uşaqlara virusu başa salmağın yollarını araşdırıblar. Həmin araşdırmanı təqdim edirik:


Duyğularınızın fərqində olun

Əvvəla, uşağa qayğı göstərən böyüklərin öz duyğularını fərq etmələri çox vacibdir. Bəzən öz qorxularınızla uşağın qorxuları birləşə bilər. Bu zaman özünüzə baxmağınız, bir yetişkin olaraq içərinizdəki qorxularla mübarizə edib-etmədiyinizi fərq etməyiniz çöx önəmlidir. Güclü qorxu, yuxu rejimində pozğunluq, qaçınma davranışları və narahatlığın yaratdığı qəzəb hissi kimi öhdəsindən gələ bilmədiyiniz hallarda fərdi dəstək almağa laqeyd yanaşmayın.

Qorxulu ssenarilər hazırlamaqdan çəkinin

Uşağınıza virusdan qorunmanın mümkün olduğunu izah edin və qorxulu ssenarilər yaratmadan çəkinin. Gigiyena qaydaları haqqında danışmaq və bunu uşağın evdə etməsini təmin etmək lazımdır. Əlinizi yuyarkən 20-yə qədər sayaraq bu prosesi uşağınızın yaşına görə əyləncəli mahnılar oxuyaraq daha da maraqlı edə bilərsiniz.

Bir günü və ya həftəni planlayın

Burada ən vacib məqam əvvəlcədən danışmağı bacarmaqdır. Uşaqların gedəcəyi yer, görüləcək işlər və ya qarşılaşacaqları vəziyyətlər barədə məlumatlandırılması, problemlərə qarşı əvvəlcədən planlar qurulması həm vaxta qənaət edir, həm də prosesdəki gərginliyi azaldır. Əvvəlcədən hazırlıqlı olduqda uşaq qarışıqlığa düşmür. Evdə olanda bunları uşağınızla müzakirə etmək və birlikdə etdiyiniz söhbətləri səhəri gün bir tapşırıq kimi yenidən yoxlamış kimi nəzərdən keçirmək faydalı olardı.

Duyğularını oyunlarla ifadə etməsinə çalışın

Uşaqlarınıza bu duyğuların öhdəsindən gəlmələrinə, qorxduqlarında və ya üzüldüklərində bir oyuna çevirərək yeni vəziyyətlərə uyğunlaşmasına kömək edə bilərsiniz. Oyunu başlayın, ancaq oyun zamanı ona müdaxilə etmədən, uşağın prosesi necə davam etdirdiyinə baxın. Ona maraqla suallar verin və sizə yol göstərməsinə icazə verin. Eyni zamanda, hissləri ilə bağlı kağızda rəsmlər çəkə və bu barədə danışa, kömək edə bilərsiniz.

Ehtiyaca diqqət edin

Psixoloqların fikrincə, gözlənilməz və istənməyən dəyişikliklər uşaqları çətinə sala bilər. Belə vəziyyətlərdə uşaqların hərəkətləri ilə bunu ifadə etdiklərini görürük. Başqa sözlə, uşaq kənardan anlaşılmayan, lakin onu içəridən narahat edən duyğuları yaşayırsa, davranışları ilə bunu göstərir. Ağlamaq, qışqırmaq, vurmaq, qaçmaq, səssiz olmaq bunun bir təzahürüdür. Belə məqamlarda davranışa fikir verməmək, uşağın ehtiyacını söyləyə bilməsi və duyğularını hiss etməsi vacibdir.

Hərəkəti həyatınıza qatın

“Mənfi duyğular bədəndə yığılan və sərbəst buraxılması lazım olan enerjilərə bənzəyir”, - deyən mütəxəssis qeyd edir ki, bundan qurtulmaq üçün uşaq yoqası, ritm rəqsləri, kiçik gəzinti və ya qaçış kimi işlərə meyl etmək olar.