"Koronavirusun peyvəndi tapılsa, məcburi şəkildə hamıya vurulacaq" - Tanınmış həkim

  • 2020.06.01 15:30
  • 4496 Baxış
"Koronavirusun peyvəndi tapılsa,  məcburi şəkildə hamıya vurulacaq"  - Tanınmış həkim


Onsuz da hamı yoluxacaq, indi də bəlli miqdarda insan yoluxmalıdır və bu, onların pisliyi üçün edilmir. Hazırda sağaldılmış xəstə statistikası çox yaxşıdır.




Medicina.az xəbər verir ki, tibb üzrə fəlsəfə doktoru, uroloq cərrah Vasif İsmayılın “Qafqazinfo”ya müsahibəsində koronavirusa yoluxmanın formalarından və xəstəliyi yüngül və simptomsuz keçirmək üçün nələrin vacib olmasından bəhs edib. Həmin məqamları təqdim edirik.


- Yoluxmanın formasının çox böyük təsiri var. Onsuz da hamı bu virusa yoluxacaq. Bir var insana 70 virus keçsin, bir də var ki, 7 min. İkisinin də test cavabı müsbətdir. Sosial məsafəni qoruyan, gigiyenik qaydalara əməl edən insanlara virus az miqdarda keçəcək. O, xəstələnmədən virusa qarşı immunitet qazanacaq. Ancaq digər şəxslərə çox virus keçəcək və immuniteti nə qədər güclü olsa da, yenə də xəstələnib ciddi fəsadlarla qarşı-qarşıya qala bilər.

İki aydan çoxdur ki, insanlara sosial məsafə anlayışını tətbiq etməyə çalışırlar. Hamı uymur, amma əksəriyyət uyur. Gigiyenik qaydalara əməl etmək üçün çox pul xərcləməyə ehtiyac yoxdur ki... Su və sabun hər yerdə var.

Bu qaydalara əməl edən insanlara virus yoluxmayacaq demirik, yoluxacaq. Ancaq çox az, 30, 100, 150. Elə virusa az yoluxanların ötürdüyü virus sayı da az olacaq.


- Hər virusa yoluxan xəstələnmiş sayılmır. 100 yoluxandan maksimum 20-si xəstələnə bilər. Həmin şəxsin sağlamlıq dərəcəsindən asılı olaraq vəziyyəti dəyişəcək.

Yoluxucu xəstəliklərin minimal yoluxdurma deyə bir dəyəri var. Bu dəyər nə qədər aşağı olarsa, o qədər tez immunitet qazanır.

Onsuz da, hava-damcı yolu ilə keçən viruslar hamıya yoluxacaq, bunun başqa çarəsi yoxdur. Uşağından tutmuş böyüyünə qədər. Burada əsas məsələ odur ki, yoluxduğu zaman xəstələnməsin, xəstələndiyi zaman tibbi yardım göstərilə bilinsin.


Virusun yayılma sürətinə görə birinci dalğanı keçmişik. Ancaq ikinci dalğa 3 ay sonra yəni, avqust-sentyabr aylarına gözlənilir. Ümumilikdə koronavirusun 3 dalğasının olması və üçüncüdən sonra sönməsi gözlənilir.

Əgər peyvənd tapılsa, bu, məcburi şəkildə hamıya vurdurulacaq. Artıq "istəmirəm", çip söhbətləri keçməyəcək.

İnsanlar şayiələrə inanmağı sevir. Hətta mən həkimlər arasında virusa inanmayanları görmüşəm. Ancaq Azərbaycanda həkimlər arasında o qədər yoluxma, ölüm halı oldu ki, artıq inanmayanlar əvvəlki kimi cəsarətlə bu sözü deyə bilmir. Mənim öz evimdə xəstəliyə nə qədər yoluxan oldu. Ölümdən dönənlər oldu. Hazırda vəziyyətləri yaxşıdır. Gələcəkdə necə olacaq bilmirik.