Koronavirusun yeni,ölümcül variantları yarana bilər - ÜST rəhbəri

  • 2022.10.27 15:07
  • 600 Baxış
 Koronavirusun yeni,ölümcül variantları yarana bilər   - ÜST rəhbəri

Planetin əhalisinin təxminən üçdəbiri hələ də COVID-19 əleyhinə bir dənə də olsun peyvənd almayıb.



"Medicina" xəbər verir ki, Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru (ÜST) Tedros Adhanom Qebreyesus Seulda keçirilən Beynəlxalq biosammitdə bildirib.


O, koronavirusun yeni, daha təhlükəli və ölümcül variantlarının peyda olunması təhlükəsinin real olduğunu bəyan edib. Bildirib ki, dünyada vaksinasiyaya bərabər çıxışın olmaması pandemiyaya qlobal reaksiyanı sarsıdıb.


Baş direktor deyib ki, aşağı gəlirli ölkələrdə səhiyyə işçilərinin yarısından çoxu və yaşlı insanların təxminən üçdə ikisi koronavirus əleyhinə peyvənd olunmayıb. Tedros əlavə edib ki, "vaksinasiyadakı fərq qlobal bərpanı təhdid edir və hər kəsi risk altına salır". Koronavirusun yeni, daha təhlükəli və ölümcül variantlarının peyda olunması təhlükəsinin real olduğunu bildirən baş direktor “Biz bu pandemiyadan nəticə çıxarmalıyıq" deyib.


Tedros Adhanom Qebreyesus hesab edir ki, ən vacib nəticələrdən biri vaksinlər və müalicə vasitələrinin istehsalının coğrafiyasının genişləndirilməsi zərurətidir. “Çünki pandemiya göstərib ki, hazırda belə imkanlara yalnız az sayda ölkələr malikdir. Növbəti nəsil vaksinləri, terapevtik vasitələr və diaqnostika alətləri gələcək pandemiyalara cavab vermək üçün olduqca mühüm əhəmiyyət kəsb edəcək”, - deyə Qebreyesus vurğulayıb.


ÜST-nin dəstəyi ilə təşkil olunan Beynəlxalq biosammit, oktyabrın 25-də və 26-da Seulda keçirilib.

Aygün Musayeva