Körpəni zibil qabına atan qadın danışdı - Uşağın atası onu doğmağımı istəmirdi

  • 2024.01.12 17:58
  • 630 Baxış
Körpəni zibil qabına atan qadın danışdı  - Uşağın atası onu doğmağımı istəmirdi

Ötən ilin iyulunda Sabunçu rayonunda yenidoğulmuş körpəsini zibil qutusuna atan qadına hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, 1992-ci il təvəllüdlü Səbinə Qasımova Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) maddəsi ilə təqsirləndirilib.

Sabunçu Rayon Məhkəməsində keçirilən prosesdə S.Qasımova uşağı qeyri-rəsmi nikahda olduğu şəxsdən dünyaya gətirdiyini, sənədi olmadığı üçün onu uşaq evinə verə bilmədiyini deyib:

“Dörd il olar, həyat yoldaşımdan boşanmışam. Qeyri-rəsmi ər-arvad münasibətində olduğum Xəyal adlı şəxsdən hamilə qalmışdım. Xəyal uşağı dünyaya gətirməyimə razı olmadı. Maddi imkanım olmadığı üçün vaxtında tibbi müdaxilə ilə hamiləliyi sonlandıra bilmədim. Qadın məsləhətxanasında həkim hamiləliyin müddətinə görə sonlandırılmanın mümkünsüz olduğunu dedi. 15 iyulda Sabunçu xəstəxanasının doğum şöbəsində qız uşağı dünyaya gətirdim.

İmkanım zəif olduğu və ailə üzvləri tərəfindən həmin uşağın qəbul edilməyəcəyi üçün öncə uşaq evinə müraciət etdim, şəxsiyyət vəsiqəm olmadığı üçün uşaq evinin rəhbərliyi tərəfindən müraciətimə imtina cavabı verildi. 17 iyul 2023-cü il tarixdə, saat 14 radələrində Sabunçudakı həmin əraziyə gedərək bir qədər gəzişdim.

Sonra uşağı, hazırladığım uşaq yeməyini və bezlərini məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş dəmir materialdan olan qutunun içərisinə qoyaraq bir qədər kənarda dayanıb uşağın götürülməsini gözlədim. Bir müddət sonra əvvəllər tanımadığım bir nəfərin oradan keçərkən uşağı görüb götürdüyünü müşahidə etdim. Həmin şəxs ətrafa nəzər yetirəndə məni gördü. Dərhal oradan uzaqlaşaraq yaşadığım evə getdim”.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə 32 yaşlı qadına bir il islah işləri cəzası verilib.

Qeyd edək ki, hadisədən bir neçə saat sonra S.Qasımova müəyyən edilərək saxlanılıb, barəsində cinayət işi açılıb və iki gün sonra isə məhkəmənin qərarı ilə polisin nəzarəti altına verilməklə sərbəst buraxılıb. Uşaq isə körpələr evinə yerləşdirilib.