Kosmetoloqla dermatoloqu səhv salanlar - “Çistka” və pilinq üzə gənə salır

  • 2017.10.24 11:36
  • 96955 Baxış
Kosmetoloqla dermatoloqu səhv salanlar -  “Çistka” və pilinq üzə gənə salır
Son zamanlar dəri problemlərin şikayət edənlərin sayı kifayət qədərdir. Bəziləri səpkilərin daxili problemlərdən yarandığını bildirsə də, bir qismi dəridəki problemlərin kosmetoloji prosedurlardan sonra əmələ gəldiyini bildirir. Hətta dermatoloqlar da bildirir ki, üz təmizlənməsindən ("çistka”) sonra bəzi hallarda dəridə demodeks yaranır. Gənələr pilinqdən sonra da yanara bilir.


Bəs bu hansı hallarda baş verir?


Mövzu ilə bağlı Medicina.az-a açıqlama verən kosmetoloq Aida  Məmmədova bildirib ki, kosmetoloji salonlarda dezinfeksiya işlərinə riayət edilməzsə, gənəyə yoluxma halları ola bilər: "Əgər kosmetoloq gigiyena qaydalarına riayət etməsə, iş yeri təmizlənməsə, istifadə olunan alətlər sterilizasiya olmasa gənələrə yoluxmaq mümkündür”. 


Demodeksə yoluxanların çarəni "çistka”da görməsinin yanlış olduğunu bildirən kosmetoloq bunun əks göstəriş olduğunu vurğulayıb: "Demodeks zamanı bütün növ üz təmizləməsi əks göstəriş sayılır. Çünki civzələri, qara nöqtələri qəti sıxmaq olmaz. Bu parazitin daha da yayılmasına və xroniki infeksiya ocaqlarının yaranmasına səbəb ola bilər. Bu həmçinin su gənələrinin inkişafına şərait yaradır. Ona görə də gənəli xəstələrə həftədə iki dəfə üzlərini yumağı məsləhət görürlər. Gənəli üzlərə nəmləndirici kremlərdən, yağlardan, skrabdan istifadə etmək olmaz. Bu onların daha da artmasına səbəb olur. Kosmetik vasitələrdən də müalicə müddətində istifadə etmək məsləhət deyil”.


Üzündə səpkilər yaranan əksər pasiyentlər kosmetoloqa üz tutur. Bəzən isə dermatoloqun görməli olduğu işi kosmetoloqa həvalə edirlər ki, bu da problemi dərindən həll etməyə imkan vermir.


Kosmetoloqla dermatoloqun görməli olduqları iş hansılardır?


"Kosmetoloq dəriyə qulluq və estetik problemləri həll edərək bir sıra kosmetoloji prosedurları həyata keçirir. Bunlara üzün təmizlənməsi, müxtəlif növ pilinqlər, iynə və aparat prosedurlarını aid etmək olar.  Həmçinin estetik problemləri – botoks, fillerle bir sıra deffektləri aradan qaldırmaq mümkündür. 

Dermatoloq isə xəstəliyin diaqnostikası və müalicəsi ilə məşğul olur. Əgər sizin dərinizdə yüngül sızanaqlar, qara nöqtələr, komedonlar varsa, dərinizi təmizlətmək, qulluq etmək, rahatlaşdırmaq üçün kosmetoloqa müraciət edə bilərsiniz. Yox əgər ciddi problemdirsə və uzunmüddətli hal alıbsa, o zaman dermatoloq müayinəsi mütləqdir. Diaqnoz qoyulub müalicə alınmalıdır”, – deyə kosmetoloq vurğulayıb.


Qeyd edək ki,  hazırda kosmetoloqlar filler vasitəsilə cəmi 15 dəqiqə ərzində burun korreksiyası etməklə rinoplastika əməliyyat effektini əldə edirlər. Aida xanım bu sahədə kosmetoloji mərkəz və həkim seçiminin düzgün edilməsini vacib sayaraq sağlamlığın hər gözəllikdən əsas olduğunu ifadə edib.

 

Şəhanə Quliyeva