Nigeriyada heyvanlardan insanlara keçən Lassa qızdırmasından ölənlərin sayı 214-ə çatıb. Epidemiya 23 ştata yayılıb və ölüm nisbəti ötən ilki 18,9%-dən bu il 25%-ə yüksəlib.
Medicina.az xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (NCDC) ölkədə davam edən Lassa qızdırmasının yayılması ilə bağlı son məlumatları paylaşıb.
Bəyanatda bildirilir ki, epidemiyanın 23 ştatda 109 yerli hökumət ərazisinə yayıldığı və yanvar ayından bəri ölənlərin sayının 214-ə çatdığı bildirilib.
Rəsmilər Lassa qızdırması səbəbindən ölüm nisbətlərində əhəmiyyətli dərəcədə artım olduğunu açıqlayıblar.
Ötən ilin eyni dövründə 18,9 faiz olaraq qeydə alınan ölüm nisbəti bu il 25 faizə yüksəlib. Xəstəliyin yayılması xüsusilə Ondo, Bauçi, Taraba, Edo və Benue ştatlarında cəmləşib. Təsdiqlənmiş halların 84 faizinin bu beş ştatda müşahidə olunduğu qeyd edilib.
Məlumata görə, xəstəlik ən çox 21-30 yaş qrupundakı şəxslərə təsir edir. Yaş aralığı 1 ilə 93 arasında dəyişir, orta yaş 30-dur. Xatırladaq ki, ötən il ölkədə Lassa qızdırmasından 190 nəfər ölüb.
Qərbi Afrikada geniş yayılmış Lassa qızdırması insanlara siçovulların nəcisi və ya sidiyi ilə təmas yolu ilə ötürülür. Daha sonra xəstəlik insandan insana yayıla bilər.
Yüksək qızdırma, zəiflik və qanaxmaya səbəb ola bilən virus ağır hallarda ölümcüldür. Hakimiyyət orqanları vətəndaşları siçovullar və digər gəmiricilərlə təmasdan çəkinməyə çağırır və epidemiyanın qarşısını almaq üçün tədbirlərin artırıldığını elan edib.
Aygün
Medicina.az