Lazımsız yerə xəstəyə narkoz verib, onurğasını bağlayırlar. Bu, vicdana sığmaz – Tanınmış həkimdən xəbərdarlıq

  • 2018.03.03 17:29
  • 22295 Baxış
Lazımsız yerə xəstəyə narkoz verib, onurğasını bağlayırlar. Bu, vicdana sığmaz –  Tanınmış həkimdən xəbərdarlıq
Ortoped-travmatoloq Cəfər Nəsibli skoliozu və onurğa əyrilikləri olan xəstələrin lazımsız yerə əməliyyat olunmasının əleyhinə çıxış edib.

Medicina.az Ailem.az-a istinadən həkimin müsahibəsindən bəzi hissələri təqdim edir:


"Skolioz əsrimizin bəlalı xəstəliklərindən biridir. Obezitedən tutmuş, qohum evliliklərinə, şagirdlərin partada düzgün oturmamasına qədər bir çox səbəbləri var. Uşaqların orta məktəbdə düzgün idman etməməsi, çantanı düzgün tutmaması, dərs hazırlayarkən düzgün oturmaması müəyyən zamandan sonra bel, onurğa sütunu xəstəliklərinə gətirib çıxara bilər. Bunlardan biri də skoliozdur. Skolioz bəzən irsi, bəzən endipatik, bəzən digər xəstəliklərə bağlı olur.

 

Amma skoliozu bu gün fəlakətə çeviriblər. Sizə skoliozu olan 90 yaşlı insan göstərə bilərəm. Yəni bu adam bu yaşa qədər skoliozla yaşayıb. 11, 12 uşağı var. Skolioz onurğanın forma pozuqluğudur və vaxtında müalicə olunmalıdır. Zamanında müəyyən edildikdə korreksiya edici korsetlərlə, idmanla qarşısı alınır. Amma irəli dərəcədə olanda cərrahi yolla aradan qaldırılır. Üzülərək söyləyirəm ki, bəzən 12-13 yaşında xəstələr gəlir. Çox pis halda olurlar. Soruşursan problem nədir? Baxırsan ki, o qədər də ciddi bir əyrilik yoxdur. Deyirlər, sizdən əvvəl bir həkimə getdik, dedi, təcili əməliyyat etmək lazımdır. Əgər əməliyyat olmasanız, qarşıda ayaqlarınız iflic olacaq, evlənəndə uşağınız olmayacaq.

 

Bu kimi şeylərlə insanların psixologiyasını pozurlar. Bir saat həmin xəstə ilə danışıram ki, belə bir şey yoxdur. Xəstəlik qalır bir tərəfdə, onun psixologiyasını düzəltməyə çalışıram.


Tibbi ticarətə çevirmək lazım deyil. Ən pis iş odur. Skolioz ortopediyanın ən böyük əməliyyatlarındandır. Lazımsız yerə xəstəyə 4-5 saat narkoz verib, onun onurğasını bağlamaq heç bir vicdana sığmaz. Belə hallara çox rastlanır. Lazımsız yerə əməliyyat təyin edirlər, onurğa sütununun hərəkətini bağlayırlar. İnsanları bununla bağlı məlumatlandırmaq lazımdır. Bəziləri deyir ki, mən Amerikada, yaxud İngiltərədə oxumuşam. Amma ingilis dilində iki kəlmə söz bilmir. Necə oxuyub oralarda? Axı təhsil də ingilis dilindədir, Azərbaycan dilində deyil ki. Gedib gəzirlər, bir sertifikat da alıb asırlar boyunlarından, deyirlər, biz filan yerdə oxumuşuq.

 

İnsanları aldatmaq doğru deyil. Həm də xəstə sənə həyatını güvənib əmanət edirsə, bu, nə Allaha xoş gedər, nə də bəndəyə.

 Hər zaman düşünmək lazımdır ki, sənin öz uşağın olsa, ona bu cür davranarsanmı? Həkim ilk əvvəl sözləri ilə xəstəni rahatlaşdırmalıdır. Əməliyyata gedən xəstə həkimə güvənməlidir. Əməliyyat asan bir iş deyil. Onun adı gələndə insanda bir qorxu yaranır. Əməliyyata gedəndə sənə inanaraq rahat bir şəkildə, elə bil iynə vurdurmağa gedər kimi olmalıdır. Amma sən xəstəni qorxudursan ki, anidən iflic olacaqsan və sair...”