Maaşımdan sığortaya pul çıxılır, amma mədəmi yoxlada bilmədim - Pasiyent ŞİKAYƏTİ

  • 2022.02.18 17:46
  • 3665 Baxış
Maaşımdan sığortaya pul çıxılır, amma mədəmi yoxlada bilmədim -  Pasiyent ŞİKAYƏTİ
İcbari tibbi sığorta üzrə maaşdan tutulmalar artıq 1 ildir ki, başlayıb. Bir çox insanlar sağlamlıq problemlərini, heç olmasa sadə
müayinələri tibbi sığorta çərçivəsində həyata keçirmək istəyir. Lakin görünür qeydiyyat, sənədləşmə və bəzi həkimlərin sığortaya yanaşmasında problemlər davam edir.

Medicina.az xəbər verir ki, mədəsində problem olan İlahə Quliyeva adlı gənc xanım İcbari Tibbi Sığorta üzrə mədə qastroskopiyasından keçmək istəsə də buna nail ola bilməyib.

Pasiyentin qarşısına çıxan əngəllər onu yarıyolda qoyub

Pasiyent şikayətini olduğu kimi təqdim edirik:

“Hər ay maaşımdan 12 manat İcbari Tibbi Sığorta üzrə məcburi tutulma olur. İlk dəfə idi ki, Tibbi sığortadan istifadə etmək istədim.
Qeydiyyatda olduğum Hökməli qəsəbəsindən göndərişlə Abşeron Rayon Mərkəzi Xəstəxanasına yolladılar, 1 gün orda gözləyə-gözləyə nəhayət birtəhər ÜMS müayinədən keçib, ordan da gondərislə endoskopiya üçün Topçubaşov adına elmi cərrahiyyə mərkəzinə getdim.

40 dəqiqə qeydiyyatda gozləyəndən sonra (gah sistem işləmir, gah internet, gah da xanımlar söhbət edir) sevincək yollandım həkim Sevinc Məlikovanın yanına. Həkim dedi ki, narkoz verilməsi sığortaya daxil deyil, əlavə 50 manat ödəməliyəm. Məndən başqa gozləyənlərə də hərəsinə bir məbləğ demişdi.

Onu da qeyd edim ki, sığorta işçisinə şikayətimi bildirdim, baş həkimə yönləndirdi, o da şöbə müdiri Mətanət xanımın yanına gondərdi.

Mətanət xanım zəng etdi həmin həkimə, məlum oldu ki, narkoz da əslində pulsuz imiş, reanimasiya xərclərinə daxildir. Sığorta da bildirdi ki, bunun üçün filan-filan müayinələrdən keçmək lazımdır ki, bu xəstəyə narkoz həqiqətən olar ya yox. . Filan müayinələr üçün də neçə gün gərək orda vaxt keçirəm. Yox əgər, 50 manat versen, narkoz olar, əlavə müayinəyə ehtiyac yoxdur , yox əgər verməsən, ola bilər səndə nəsə problem var, narkoz olmaz. Yəni ki, məsələ aydındır.

Qısası, səhər saat 10-da acqarına evdən çıxan adam neçə saat gozləyəndən sonra saat 2-də bezərək çıxıb özəl xəstəxanaya getdim. Tez də sedasiya edib, endoskopiya olundum.

Sığortalı xəstə görən bütün həkimlər agız-goz əyir, elə minnət qoyur, elə ağlayırlar ki, maaş belə, sığorta elə, adam it peşmanı olur”.