Yeni tədris ilinin başlaması ərəfəsində mütəxəssislər valideynlərə xəbərdalıq edirlər: Son illər məktəblilər arasında onurğa problemlərində artım müşahidə olunur. Həkimlərin sözlərinə görə, ağır məktəb çantaları, uzun müddət oturaq vəziyyətdə qalmaq və düzgün olmayan oturuş vərdişləri şagirdlər arasında onurğa problemlərinin artmasının əsas səbəblərindəndir.
Medicina.az xəbər verir ki, Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin nevroloqu Ülviyyə Səlimova qeyd edir ki, məktəb çantasının çəkisi uşağın bədən çəkisinin 10-15 faizindən artıq olmamalıdır. Daha ağır yük onurğaya əlavə təzyiq göstərir və beləliklə də, bel, boyun, çiyin ağrılarına, hətta duruş pozğunluqlarına yol aça bilər.
İnteqrativ müalicə mütəxəssisinin sözlərinə görə, xüsusilə son illərdə kompüter, planşet və smartfon istifadəsinin artması uşaqlar arasında “texnologiya boynu” adlandırılan vəziyyətin yayılmasına səbəb olub. Başın uzun müddət önə əyilmiş vəziyyətdə saxlanılması boyun və kürək əzələlərini yükləyir, nəticədə ağrı və duruş problemləri yaranır.
Nevroloq valideynləri aşağıdakı əlamətləri müşahidə etdikdə diqqətli olmağa çağırır:
• Fiziki aktivlik zamanı tez yorulmaq
• Uzun müddət otura bilməmək
• Çiyinlərin qeyri-bərabər görünməsi
• Tez-tez bel və ya boyun ağrılarından şikayət etmə
• Oturarkən və ya yeriyərkən əyilmə
İnteqrativ müalicə mütəxəssisi Ülviyyə Səlimova sözügedən problemlərlə qarşılaşmamaq üçün valideynlərə tövsiyələr verir: Çanta hər iki çiyindən asılmalı, uşağın kürəyinə tam oturmalıdır. Dərs zamanı düzgün oturuş qaydalarına əməl edilməli, hər 30-40 dəqiqədən bir qısa hərəkət fasilələri verilməlidir. Bundan əlavə, üzgüçülük, gimnastika və digər fiziki fəaliyyət növləri onurğa əzələlərinin güclənməsinə kömək edir.
Nevroloq xəbərdarlıq edir ki, uşaqlıq dövründə formalaşan duruş pozğunluqları vaxtında aşkar olunmadıqda gələcəkdə daha ciddi onurğa problemlərinə səbəb ola bilər. Buna görə də yeni dərs ilində yalnız dərs ləvazimatlarını deyil, övladınızın onurğa sağlamlığını da diqqətdə saxlayın.
Aygün
Medicina.az