Mingəçevirdə həkimdən dəhşət - 10 aylıq körpəni ölümlə üz-üzə qoydu - Şikayət

  • 2025.12.24 00:02
  • 83 Baxış
Mingəçevirdə həkimdən dəhşət -  10 aylıq körpəni ölümlə üz-üzə qoydu - Şikayət

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova ona ünvanlanan şikayəti izləyiciləri ilə bölüşüb.

Medicina.az xəbər verir ki, paylaşımda Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkimi Məqbulə Xəlilovadan şikayət qeyd olunub:



"Bu sətirləri sizə bir ana yazır… Almaniyadan ailəmi ziyarət üçün Mingəçevirə gəlmişdik. Təxminən 10 gün sonra yəni, 21 dekabr 2025-ci il tarixində 10 aylıq qızımın halı qəfil pisləşdi. Bədən temperaturu 34 dərəcəyə düşdü. Körpəm şok vəziyyətində idi. Təlaşlı halda Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Acil şöbəsinə çatdıq. Bizi qarşılayan həkim Məqbulə Xəlilova uşağa yaxınlaşmadan, onu yoxlamadan dedi: “Övladınızın Azərbaycan şəxsiyyət vəsiqəsi yoxdur, onsuzda pulsuz qəbul etməyəcəyəm. Aparın özəl klinikaya.. ” Şok vəziyyətində olan 10 aylıq körpə xəstəxanadan geri çevrildi. Özəl klinikada ilkin yardım göstərildi. Dedilər, uşaq zəhərlənib. İrad bildirdilər ki, həkim uşağı bu halda geri çevirməməli idi".



Şikayətçi əlavə edib ki, evə qayıtdıqdan az sonra körpənin temperaturu 34-dən də aşağı düşməyə başlayıb:

"Təcili tibbi yardım gəldi və bizə açıq şəkildə bildirildi ki, bu hərəkət birbaşa cinayət məsuliyyəti daşıyır. Uşağı yenidən Acilə apardıq. Orada həmin həkimlə üz-üzə gəldik. Mən ağlayaraq dedim ki, uşağımı əlləri ilə ölümə göndərib. Cavab olaraq, o, tibb bacılarına dedi: “Bunu burdan rədd edin, pulunu alın, aparata soxun, əl çəksin”. Məni alçaltdı, insan yerinə qoymadı. Mən şokdaydım. Uşağımın həyatla ölüm arasında olduğu an idi. O anın ağrısı ilə mən də qışqırdım, etiraz etdim, hətta onu cani adlandırdım, təhqir etdim.Çünki övladım qollarımda can verirdi, o isə məni sakitləşdirmək və uşağa yardım etmək əvəzinə məni daha da qızışdırırdı. Bu cümləsini heç unutmaram. Hər kəsin içində qışqıraraq dedi: “Əgər məni işdən çıxartdıra bilməsən, heç kişi qızı deyilsən. Get, görüm necə çıxartdırırsan!” Mən 2-ci qrup Qarabağ əlilinin qızıyam. Bu gün o həkim mənim balama bunu etdi. Sabah başqasının balasına da edə bilər.Ən ağrılısı isə budur: 34 dərəcə temperaturda olan uşağıma xəstəxanada heç bir yardım göstərilmədi. Qızımı anam kofein vuraraq həyata qaytardı. Bəs anam olmasaydı?.. Bu sual məni hər gün içimdən parçalayır. Qənirə xanım, siz də anasınız. Xahiş edirəm, səsimiz olun.Bu hadisə susdurulmasın.Bir körpənin həyatı bu qədər ucuz olmasın. Bu gün mənim balam… sabah başqasının balası olmasın".

Aygün
Medicina.az