“Səhhətimi öz həkimlərimizə etibar edirəm.... Nə İran, nə Türkiyə...” - Baş endokrinoloqla MÜSAHİBƏ

  • 13 Dekabr, 2018
  • 17277 Baxış
“Səhhətimi öz həkimlərimizə etibar edirəm.... Nə İran, nə Türkiyə...” - Baş endokrinoloqla MÜSAHİBƏ
"Camaat sarsıntı keçirən kimi mollaya, baxıcıya, şarlatana gedir” 

"8 ayda şəkər xəstələrinin sayı 20 min artıb”

"2019-cu ildə Azərbaycanda dərman problemi olmayacaq”

Azərbaycan bir sıra endokrin xəstəliklərin yayılması baxımından endemik yer hesab olunur. Bizdə əsasən qalxanabənzər vəzi xəstəliyi – ur (zob) geniş yayılıb.  Son illər isə nəsildən-nəslə ötürülməyə meyilli olan şəkərli diabet xəstəliyində aktivlik müşahidə olunur. 

Medicina.az-ın əməkdaşı Səhiyyə Nazirliyinin baş endokrinoloqu, 50 ildən artıqdır, ömrünü endokrinologiyaya həsr etmiş professor, əməkdar elm xadimi, millət vəkili Rafiq Məmmədhəsənovla bu mövzular ətrafında söhbətləşib:
 
- Rafiq müəllim, bu il Milli Məclisdə dövlət büdcəsi müzakirələrində səhiyyəyə əvvəlki illərə nisbətən daha çox vəsait ayrıldı. Bu baxımdan şəkərli diabet xəstələrinə dəstək üzrə dövlət proqramına da əvvəlki illərlə müqayisədə yüksək vəsait nəzərdə tutulub. Dünya Səhiyyə Təşkilatı 10 il ərzində diabetlə xəstələnmənin daha da artacağı, xəstələrin rekord həddə çatacağı və hətta insulin qıtlığı yaranacağı kimi proqnozlar verir. Sizcə, Azərbaycan üçün proqnozlar nədir və ümumiyyətlə, bir qədər keçmişə baxdıqda, bizdə şəkər xəstələri çox idimi, necə müalicə olunurdu və indi xəstəliyin yayılma səbəbləri nədir?

-2016-2020-ci illəri əhatə edən şəkərli diabet xəstələrinə dövlət qayğısı proqramına bu il səhiyyə xərclərindən əvvəlki illərə nisbətən daha çox vəsait ayrılıb - 44,3 milyon. Həmçinin xronik böyrək çatışmazlığı xəstələrinə əlavə olaraq 15 milyon manat ayrılacaq. Bildiyimiz kimi, diabetin ağırlaşmalarından biri də böyrək xəstəlikləridir, xəstələr dializ almağa məcbur olurlar. Bu da əlavə problemdir. 

Düzdür, xəstələrin tam təminatı üçün hələ bir qədər də vəsait lazımdır. Çünki ilin əvvəlində diabet xəstələrinin rəsmi sayı 240 min nəfər idisə, avqustda, heç il bitməmiş 260 000 oldu.  Bilirsiniz, diabet artıq tibbi yox, sosial problemə çevrilir. Bütün dünya üçün qlobal sosial problemdir. 

Şəkərli diabet özü yox, ağırlaşmaları bir qədər çətindir: gözdən əlillik, ayaqların amputasiyasına görə əlillik, hemodializ xəstələrinin çoxu diabetin payına düşür. 

Diabet müasir bəla deyil. Bu xəstəlik eramızdan əvvəl də var idi, Hippokratın əsərlərində də qeyd olunub.  Azərbaycanda da qədimdən var. Amma bu qədər çox deyildi. İnsulin kəşf olunandan sonra bütün dünyada, o cümlədən Sovet respublikalarında xəstələrə insulun vurulurdu, eləcə də Azərbaycan bu metodla gedir. Yəni dünyada nə müalicə, dərman tətbiq olunurdusa, Azərbaycan da o qayda ilə gedirdi. İnsulinə qədər şəkər xəstələri 5-6 il yaşayırdı, komaya düşüb ölürdülər. İnsulinin müalicədə tətbiqindən sonra diabet xəstələri çox yaşayır, həyatını itirmir. Diabet xəstəsi var ki, 50 ildir, bu xəstəliklə yaşayır, 70-80 yaşı var. 

1935-ci ildə 4 saylı xəstəxanada yerləşən kafedranın müdiri orda endokrin şöbə açmışdı. O danışırdı ki,  30-cu illərdə bir xəstə tapıb baxa bilmirdik ki, diabet necə olur? Yəni xəstə o qədər az idi. İndi 90 çarpayılıq yerlər açılır, yenə də azdır. 

Amma dəhşətə gəlmək lazım deyil. O proqnozlar farmakoloji firmaların şişirdilmiş uydurmasıdır. Camaatı qorxudurlar. Onların dediyinə qalsaydı, bu gün Azərbaycanda yarım milyon xəstə olardı. 261 000 xəstə var. 2004-cü ildə ilk dəfə Proqram qəbul olunanda 40 000 xəstə var idi. 13 ildə 200 000 artıb. Lakin bu artımın bir hissəsinin vaxtında diaqnoz qoyulması ilə əlaqədar olduğunu da inkar etmək olmaz. 

Deyirlər, 30 ilə filan şey olacaq. Onu hardan bilirlər? Bəlkə 30 ilə müalicəsi tapıldı, səbəbi tapıldı, elə dərman çıxacaq ki, qarşısı alınacaq. 

- İnsulinin kəşfindən də xeyli müddət keçib. Nədənsə dünyada diabet dərmanlarının kəşfinə milyonlar xərcləndiyi halda, hələ bu xəstəliyi tam sağaldacaq və ya insulindən də güclü inqilabi kəşf olunmayıb. 

-Diabet xəstəliyinin müalicə tarixi, insulinin kəşfi özü ayrıca bir elmdir. 1889-cu ilə kimi şəkərin nə olduğunu bilmirdilər. Alman tələbə Langenhans ilk dəfə mədəaltı vəzidə insulin hüceyrələrini kəşf edib. Amma o vaxt bu hüceyrələrin funksiyası aydın deyildi.  

1921-ci ildə Kanadada Toronto Universitetinin əməkdaşları Bantinq və Best mədəaltı vəzidə şəkər xəstəliyinin əlamətlərini zəiflədən bir maddə sintez edildiyini sübut etdilər və ona insulin adını verdilər. 
Amma bu haqda ilk fərziyyəni 1889-cu ildə alman alimi Merninq və Minkovski irəli sürmüşdü. Onlar sübut etmişdilər ki, mədəaltı vəzisi çıxarılmış itlərdə şəkərli diabet əlamətləri əmələ gəlir.  

1901-ci ildə isə rus alimi Sobolev şəkər xəstəliyinin mədəaltı vəzidə olan Langernahs adacıqlarının fəaliyyətinin pozulması ilə əlaqədar olduğunu açıqladı. Bu tədqiqatın davamı olaraq kanadalı alimlər insulini əldə etdilər. 

İlk insulini Maklahauzun laboratoriyasında heyvanlardan aldılar. 14 yaşlı bir xəstəyə vurdular, amma orqanizm onu qəbul etmədi, allergiya verdi. Sonra elə həmin laboratoriyada Kollip adlı kimyaçı alim o insulini təmizlədi, sonra xəstəyə vurdular və heç bir reaksiya vermədi, beləcə uşağın həyatını xilas etdilər. Bununla da təbabətdə inqilabi kəşf oldu, necə ki, penisilin belə bir masştabda kəşf idi. 1923-cü ildə Bantinq və Maklahuz Nobel mükafatı ilə təltif edildilər, lakin onlar imtina etdilər ki, digər ikisinin də adları olmalıdır. Pul mükafatını da 4 nəfər öz aralarında böldü. Beləcə tarixə düşdülər. Əsl alimlik də budur. 

1957-ci ildə qanda şəkərin qatılığını azaldan sulfanamidlər qrupu preparatları kəşf edildi. 

1976-cı ildə donuzların insulinindən insan insulini sintez etdilər. 

İnsan insulin hüceyrəsinin quruluşuna yaxın donuz insulinidir, aralarında cəmi bir amin turşu qalığı fərq var. 

İnsulin molekulu iki aminturşu zəncirindən ibarətdir: A və B zəncirləri. Donuz insulinində B zəncirinin 30-cu aminturşu qalığı alanindir, insan insulinində həmin səviyyədə treonin qalığıdır. 

Bu molekulu da ingilis alimi Senger 1955-ci ildə kəşf edib, o da buna görə Nobel mükafatı almışdı. 1979-cu ildə bağırsaq hüceyrələrinin özünün genində dəyişiklik edib, insan insulini istehsal etməyə başladılar. Hazırda  müalicə üçün insan insulininin sintetik və ya yarımsintetik preparatlarından istifadə edilir. İndi də yeni preparatlar üzərində iş gedir. Bu gün əsasən mədəaltı vəzi və kök hüceyrələri transplantasiyası, gen terapiyası məsələləri araşdırılır. İnsulin sintez edən hüceyrələrin xəstəyə köçürülməsi sınanılır.  

Məlum olub ki, mədə-bağırsağın özündə də şəkəri aşağı salan hormonlar hasil olunur, bunlara inkretinlər deyilir. Hələlik bu sahədə işlər gedir. Yeni kəşfin şamı kimin əlində yanacaq, Allah bilir. 
 


- Professor, niyə bir insan diabet olur? Uzun illərin təcrübəsi, müşahidələriniz nə deyir?

-Birinci əmələ gəlmə səbəbi – stresdir. Müasir insan çox qaçaqaçdadır. Hər gün stress yaşayır. Mədəaltı vəzi də ən incə, həssas orqandır. 90 qr çəkisi var, onun insulin hasil edən adacıq aparatı cəmi 1 qramdır.  

Orada 3 növ hüceyrə var və yalnız Beta- hüceyrələr insulin hasil edir. Diabet xəstəsində məhz Beta -hüceyrələr zədələnir, alfa olan hissə zədələnmir. Görün, 1 qramın içində necə fərqli dəyişikliklər gedir?!

Dünya alimləri bu fikrin tərəfdarıdır ki, diabet də virus mənşəlidir. Hansısa virus nə yollasa o hüceyrələri zədələyir. Şəkərli diabetin bu qədər geniş yayılması yalnız bununla bağlı ola bilər. Lakin hələ ki, bu iddia elmi təsdiqini tapmayıb. Üstəlik, insulyar aparatda həmişə iltihabi proses olur. Bəs bu iltihabı törədən nədir? Bədən öz- özünə qarşı aqressivlik göstərir.

40 yaşdan sonrakı II tip diabetlər əksər hallarda genetik və piylənmə səbəbindən olur. Deməli, diabeti yaradan səbəblərə stress, viruslar, piylənmə, həyat tərzi, genetik meyi aiddir. 

Amma ola da bilər ki, çox güclü stress şəkər yox, hipertoniya, şizofreniya  törətsin. Kimdə hansı həlqə zəifdirsə, əcdadında hansı xəstəliyə meyil varsa, ora da təsirini göstərir və xəstəlik yaranır. 

Klod Bernar adlı alim olub, beyində 4-cü mədəciyin cibinə iynə batırmaqla sağlam heyvanda diabet xəstəliyi yaradıb. Deməli, beyin qabığına bağlı bir şeydir. 

Mən şəxsən apardığım tədqiqatda aşkar etmişəm ki, güclü  stresdən sonra insulin sintez edən hüceyrələrin quruluşunda, insulinin molekul zəncirində dəyişiklik baş verir. Bəzən orqanizmdə insulin kifayət qədər yaransa da normal təsir göstərə bilmir. Bunlar mənim fikirlərimdir. 

- Bəs bu tədqiqatınızı dünya səviyyəsinə çıxarmaq, təsdiqlətmək fikriniz olmayıb?

-Buna şərait lazımdır, güclü laboratoriya lazımdır. Dövlətimiz gəncdir. Mən gərək bunun ardıyca Amerikaya, Avropaya gedərdim. Hələlik özümdə qalıb. Mən Moskvada 4 il Sovet İttifaqının Baş Endrokrinologiya İnstitutunda aspiranturada oxumuşam. Mənim elmi işim aşağı ətrafların angiopatiyasının səbəbləri idi. İndiyə kimi bu sirr də  açılmayıb. Burda da bu mövzunu aspirantlarımız davam etdirir. 

- Bəs sizin özünüzdə diabet varmı?

-Xeyr, məndə diabet yoxdur. Genetikamda yoxdur. Özümü də saxlayram. 

- Necə, sirr deyilsə?

-Bu xəstəlik pəhrizə riayət etməməkdən olur. Qidalanmaya fikir verirəm. Karbohidrat, yağ, zülal. Yeməyimizin  60 faizi karbohidrat olmalıdır, 20% zülal, 20% yağ. Bütün dünyada bu qanundur. 

Mən elə gəncliyimdən bu qaydaya riayət etməyə çalışıram. Qidalanmada zülal, yağ və karbohidratlar arasında balans gözlənilməlidir. 

Mən özümə yeməkdə qadağa qoymuram. Nə varsa, istifadə edirəm. Az-az, amma tez-tez yeyirəm. Şəkər də, bal da, çay da, qəhvə də qəbul edirəm. Bircə çox yağlı, piyli qidalardan uzağam. 

Doymadan masadan əl çəkirəm. Bu da piylənmə vermir. Vəssalam. Diabet də piylənmədən yaranır. Stresdən də özünü qoru. Genetikamda olsaydı bəlkə də çıxardı. Dünyada elə tayfalar, ya kiçik ölkələr var ki, onların populyasiyasında diabet yoxdur. 

Atada diabet varsa, doğulan uşağa  ötürülmə ehtimalı 10%-dir. Əgər ana diabetdisə, uşağa ötürülmə ehtimalı 3-5%-dir. Əslində elm əksini gözləyirdi: ana xəstədirsə, ötürülmə ehtimalı daha yüksək olmalıydı. Amma burda atadan keçmə faizi çoxdur. O da əgər kişi ailə qurduqda, ata olduqda, həmin vaxt diabetdirsə ötürülür. Əgər diabet deyilsə, yox. Bunun da səbəbi tapılmayıb. Elm çox dərin məsələdir. Ola bilər, nəsildə diabet var, amma heç sən diabet olmayasan. Nəsildə ötürülmə ən yaxın qan qohumları ilə ölçülür. 

- Rafiq müəllim, bu il diabet xəstələri arasında pulsuz dərmanların çatdırılmasında da problem yaşandı və biz də bu barədə yazdıq. İnsulin və dərman çatışmazlğı problemi yaşandı. Bunun səbəbini nədə görürsünüz və qarşıdan gələn ildə dərman qıtlığı yaşanacaqmı?

-Bunun birinci səbəbi inflyasiya idi, dolların məzənnəsi dəyişdi. Burada bir az gözlənilməz şeylər oldu. Dərmanları almaq üçün iki dəfə artıq pul lazım oldu. Həm də illik vəsait ayrılanda qeydiyyata götürülənlərin sayı 240 000 idi, il boyu bu say artdı.  

Bu ilki büdcədə 15% artıq götürmüşük. 2019-cu ildə dərman problemi olmayacaq. 

- Düşünürəm ki, bir nevropatoloqların, bir də endokrinoloqların işi həkimlər arasında ən çətinidir. Çünki ən xırda, ən kiçik, görünməz şeyləri müalicə edirlər. Hansı ki, insanın bütün orqanizmini sıradan çıxarır. Həm də gəliri az sahədir. Endokrinoloqlar sanki iynə ilə quyu qazırlar. 

-Çox düz deyirsən. Endokrinoloq biokimya elmini dərindən bilməlidir. Fiziologiyanı gözəl bilməlidir. Bizim işimiz yarım qram, 1 qramlıq vəzilərlədir. Hipofiz vəzisi var, 0,7 sm-dir. Bir vəzidə 3 pay var. Bu 1 sm-ə çatmayan vəzidə 6 hormon ifraz olunur. Bir vəzidə hər nöqtə spesifik hormon ifraz edir. Molekulyar səviyyədə işləyir. Endokrinoloq da bu molekulyar səviyyədə çırpınıb qalır.

Gəlirli peşə də deyil. Əgər bu peşəni seçmişiksə, bütün bunlara hazır olub gəlmişik. 

- Bəs siz özünüz xəstə qəbul edirsinizmi?

-Az da olsa edirəm. Vaxt yoxdur. Daha çox köhnə xəstələrdir. Diabet, ur və s. müalicəsi ilə məşğul oluruq. Nadir halda böyrəküstü vəzi problemi ilə olan gəlirlər. 

- Professor, hormonlarımızın  nazı ilə oynamaq lazımdır, yoxsa onları sakit buraxmalıyıq? Çünki indi az qala uşağa da hormonal dərmanlar yazırlar. Üzün səpir hormonal maz, ağrın var hormonal, bir balaca ginekoloji problem var, hormonal. Hormonlar bu qədər müdaxiləni sevirmi, yoxsa yeri gəldi -gəlmədi dərman qəbul etmək tərəfdarı deyilsiniz?

-Hormonlar özü-özünü tənzimləyir. Əvvəl elə bilirdilər, hormonal funksiyanın tənzimləsinin baş orqanı hipofizdir. Sonra gördülər yox, beynin hipotalamus adlanan hissəsi hipofizin də fəaliyyətinə nəzarət edir. Hər şeyi  o tənzimləyir. Axşam 9-10-da yeyirsən, yatdın, 12 saat acdır xəstə, bəs niyə şəkər aşağı düşmür. Qaraciyər yatmır, siqnal gedir, işləyir. Dərin mexanizmdir. 

Hormonal dərmanlar o halda istifadə oluna bilər ki, artıq bundan başqa həkimin əlində heç bir vasitə qalmayıb. Yoxsa elə birinci dəfədən hormonal dərman yazmaq olmaz. Revmatoid artirdə məcburuq yazaq. Bir də var həvəskarıdırlar. Hə, gəl bir hormonal yazım, düzələcək. Hormonlara, vəzilərə toxunmaq olmaz. Mən tərəfdarı deyiləm. Hormonal preparatlar ən axırıncı yazılmalı dərmanlardır. Aptekdə də açıq satılır, özbaşına almaq olmaz. İnsanlarımız  bir az maariflənməlidir. Hamı rahata, asana qaçır. Fikirlərdə inqilab getməlidir. Xəstə elmli, məlumatlı olsa, onda həkimin də işi asanlaşar.  İnsanlar da həkimləri başa düşmür. 

Hormonlar keyfiyyətli qidanı, təbii qidanı sevir.

Validyenlər uşaqlarının endokrinoloji sistemini bilərəkdən, ya savadsızlıqdan, bilməyərəkdən pozur. Uşaq ki, piyləndi, çox kökəldi, deməli, onda cinsi inkişafında hormonal problemlər baş qaldıracaq, ya da gələcəkdə diabeti olacaq. 
 
- Bəs siz hansı xəstəliklərlə mübarizə aparırsınız? Nə dərmanlar qəbul edirsiniz?  Səhhətinizlə bağlı hansı həkimə müraciət edirsiniz: xarici ölkəyə gedirsizmi? 

-Mən də insanam, problemlər olur. Yüksək təzyiq var. Hər gün təzyiq dərmanı atıram. 

Mən öz xəstəxanalamıza, öz həkimlərimizə müraciət edirəm. Nə İran, nə də Türkiyə... Endokrinoloqumuz da var, kardioloqumuz da, cərrahımız da... Niyə gedib qonşuda axtarım? Mən burda endokrinoloji məktəbimi yaratmışam. Mənim kimi Moskvada oxuyub gələn alimlər var. Onlar da öz sahəsi üzrə məktəblərini yaradıb. Yaxşı kadrlarımız var. Yaxşı həkim var, tanıyırsan, tapdınsa get, başqa yerdə axtarma. 

-Yaxın müddətdə hansı tibbi problemlərlə bağlı Milli Məclisdə yeni proqramlar qəbul edilməsi gözlənilir? 

-Qarşıda duran məsələ hepatitlərə qarşı proqramın qəbul olunmasını istərdim. Hepatit də bu gün çox yayılır. Bu yaxınlarda psixoloji yardım haqqında qanun qəbul etdik. Lazımdır, yoxsa camaat psixi sarsıntı keçirən kimi mollaya, baxıcıya gedir, şarlatanlara gedir. 

2020-ci ildən icbari tibbi sığorta tətbiq olunacaq - insanlar istədiyi klinikada, özəl xəstəxanada da müalicə ala, bahalı müayinələrdən keçə biləcək. 

- Sizin kolleqanız, millət vəkili Rəşad Mahmudov müsahibəsində qeyd etmişdi ki, orqanlarımı bağışlamaq barədə müraciət edib, sənədi var, yəni ölümündən sonra orqanları transplantasiya üçün istifadə edilə bilər. Siz necə belə bir addımı atmısızmı?

-O bağışlayıb, Allah canını sağ eləsin. Mən bağışlamamışam. Onlar cavandır, orqanları yararlıdır. Yaşlı adamın orqanları işə yaramır. 

- Professor, qeyd etdiniz ki, stress hormonal balansı pozur, xəstəliklərə səbəb olur. O zaman bizə məsləhət verin. Necə edək ki, stressə təslim olmayaq, diabet olmayaq, psixikamızı qoruyaq, xəstələnməyək? 

-Birincisi, hər xırda problemə tez reaksiya vermə. Hər şeyi ürəyinə salma. Hər gün səhər və axşam vanna və ya duş qəbul edin. Stress, gərginlik boyun və çiyinlərdə ağırlıq, narahatlıq yaradır. Soyuq su ilə o hissələri möhkəm sürtürsən. Masaj edirsən. Bir də axşamlar mütləq 1 saat açıq havada gəzmək lazımdır. 

Elə ki, gördün problemlər çoxdur, bir yol tapa bilmirsən, yorğunsan, klassik musiqilərə qulaq as. Bethoven, Bax, Şopen, Üzeyir Hacıbəyov. Mən özüm də belə edirəm. Klassik yazıçıların əsərlərini oxuyuram. Nizami, Füzuli, Tolstoy. Tarixi şəxsiyyətlərin həyatından əsərləri oxuyuram. Oxuduqca beyin məşğul olur, işləyir və anlayırsan ki, onların həyatlarının, keçdiyi yolun yanında sənin həyatın elə də çətin deyil. 

Aygün Musayeva
Medicina.az