Naftalan Sağlamlıq və Müalicə Mərkəzi cərimələnib.
Medicina.az xəbər verir ki, Naftalan Sağlamlıq və Müalicə Mərkəzi barədə Səhiyyə Nazirliyi tərəfindən tərtib edilən protokol təsdiq edilib.
Belə ki, 24 iyul 2025-ci il tarixdə saat 16:00-da müəssisədə keçirilən planlı yoxlama zamanı sertifikatsız özəl tibbi praktiki fəaliyyət ilə məşğul olma faktı aşkar edilib. Mərkəz barədə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə inzibati protokol tərtib edilib.
Mərkəzin direktoru izahat verərək bildirib ki, Səhiyyə Nazirliyinin əməkdaşlarının cəmiyyətə məxsus sanatoriyada keçirdikləri planlı yoxlama zamanı sertifikatsız özəl tibbi praktiki fəaliyyət ilə məşğul olma faktı aşkar edilib. O bildirib ki, buna səbəb Naftalan şəhərində olan kadr çatışmazlığıdır.
Naftalan Şəhər Mərkəzinin qərarı ilə Səhiyyə Nazirliyi tərəfindən tərtib olunan protokol təsdiq edilib. Protokola əsasən mərkəz İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 6000 manat məbləğində cərimə edilib.