Nərimanov Tibb Mərkəzinin bir qrup həkim və tibb işçisi müəssisəyə yeni direktor və baş həkim təyinatı ilə bağlı aidiyyəti qurumlara müraciət edib.
Medicina.az -a daxil olan müraciətdə bildirilir ki, Nərimanov Tibb Mərkəzinin direktoru 22 aprel 2026-cı il tarixində vəzifəsindən azad edilsə də, aradan keçən müddət ərzində həmin posta yeni təyinat həyata keçirilməyib.
Müraciət müəllifləri qeyd edirlər ki, müəssisənin gələcək inkişafı, idarəetmənin səmərəliliyinin artırılması və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi baxımından direktor və baş həkim vəzifələrinə yüksək peşəkarlığa, zəngin idarəetmə təcrübəsinə, geniş dünyagörüşünə və güclü təşkilatçılıq bacarıqlarına malik şəxslərin təyin olunması vacibdir.
“Hesab edirik ki, rəhbər vəzifələrə təyin ediləcək şəxslər tibb sahəsini dərindən bilməli, kollektivlə sağlam əməkdaşlıq mühiti qurmağı bacarmalı, həkim və digər tibb işçilərinin problemlərinə həssaslıqla yanaşmalı, müəssisənin inkişafı naminə müasir idarəetmə prinsiplərini tətbiq etməlidirlər”, – müraciətdə bildirilir.
Müraciətdə diqqət çəkən məqamlardan biri də rəhbər vəzifələrə namizədlərin hazırda Nərimanov Tibb Mərkəzində çalışan əməkdaşlar arasından deyil, kənardan seçilməsi ilə bağlı təklifdir.
Tibb işçiləri hesab edirlər ki, sistemdə daha əsaslı yeniliklərin və obyektiv idarəetmə mühitinin formalaşdırılması məqsədilə direktor və baş həkim vəzifələrinə kənar namizədlərin təyin olunması daha məqsədəuyğundur.
Müraciət müəllifləri ümid etdiklərini bildiriblər ki, aidiyyəti qurumlar onların müraciətini nəzərə alacaq və Nərimanov Tibb Mərkəzinin gələcək inkişafına xidmət edən peşəkar kadr təyinatları həyata keçiriləcək.
Qeyd edək ki, Nərimanov Tibb Mərkəzinin direktoru vəzifəsini son olaraq Fazil Alməmmədov tutub. O, 22 aprel 2026-cı il tarixində vəzifəsindən azad edilib.
Fazil Alməmmədov TƏBİB sistemində mühüm vəzifələrdə çalışıb və səhiyyə ictimaiyyətində kifayət qədər mübahisəli fiqurlardan biri kimi tanınıb. TƏBİB-in əvvəlki rəhbərliyinin müxtəlif əməliyyatlarında onun adı tez-tez hallanıb. F.Alməmmədov, eyni zamanada şəxsi həyatı ilə də vaxtaşırı gendəmə gələn şəxs olub.
Elnur
Medicina.az