Niyə xəstəxanalarda COVID-19-dan ölüm halları çoxalıb?

  • 2020.12.15 17:24
  • 1278 Baxış
Niyə xəstəxanalarda COVID-19-dan ölüm halları çoxalıb?

Ölkəmizdə xəstəxanalarda koronavirusdan ölüm halları artır. Artıq insanlar COVID-19 xəstəsinin xəstəxanada müalicəsindən qorxurlar. Hətta, onlarda belə bir fikir formalaşıb ki, “Xəstəni xəstəxanaya yerləşdirməyək, yerləşdirsək, orda öləcək”.

Bəs buna səbəb nədir? Xəstəxanalarda koronavirusdan ölənlərin sayı nəyə görə artır?

Bu barədə “BakuPost”a danışan Avropa Nevrologiya Akademiyasının üzvü Qalib Əsədov bildirdi ki, xəstəxanaya koronavirusun ağırlaşmış formasında olan xəstələr yerləşdirilir:



“Onlar o xəstələrdir ki, artıq ağciyərləri sıradan çıxıb, süni tənəffüs aparatına ehtiyac duyurlur, yaxud oksigen maskasına gərək var. Bu cür ağır vəziyyətdə olan insanlar xəstəxanaya düşür və ona görə də xəstəxanalarda ölüm faizi çoxdur. Digər tərəfdən, koronavirusla bağlı ölüm statistikanın nə dərəcədə aparılması da lazımlı məqamlardandır. Evdə ölənlərin statistikası aparılırmı? Bizdə bütün qızdırmalı adamlardan, xəstələrlə əlaqədə olan şəxslərdən COVID-19-a qarşı test götürülmür. Bilmirik ki, evdə ölənlərin ölüm səbəbləri koronavirusdur, yoxsa hansısa başqa bir xəstəlik. Bu qaranlıq qalan məsələlərdəndir. Sadəcə olaraq, burda işin təşkilatçılığında problemlər var. İstənilən xəstəliyin vaxtında müalicəsi daha ucuz və daha keyfiyyətli olur”.

Q.Əsədov əlavə etdi ki, biz virusla mübarizə aparmaq üçün lazım olan tədbirləri görməyə gecikirik:
“Ona görə də ağırlaşmaların sayı çoxalır. Yəni xəstəliyin ilkin əlaməti olan dövrdən xəstəni antiviral dərmanlarla təmin etsək, testin cavabı 1 həftə, 10 gün ərzində deyil, dərhal, yaxdu 1 gün ərzində gəlsə, insanlar vaxtında adekvat müalicə olunsa ağırlaşmaların da, ölənlərin də sayı azalar. Mən həmişə müqayisə üçün Belarusu misal göstərirəm. Belarusda bir gün belə olsa, karantin olmayıb, məktəblər, universitetlər, bütün digər müəssisələr də işləyir. Amma buna baxmayaraq, bu ölkədə koronavirusdan ölənlərin sayı 1273 nəfərdir, bizdə isə bu göstərici 2 minə çatır. Çünki orda xəstələnənlərə dərhal dərmanlar verilir. Bizdə isə dərmanlar tapılmır, evdə müalicə olunanlara sahə həkimi tərəfindən nəzarət olunmur. Ona görə də belə vəziyyətlər yaranır. Nəticədə xəstələr evdə ağırlaşır və ağırlaşmış şəkildə də xəstəxanaya gəlirlər. Ağciyərlər sıradan çıxandan sonra isə bunun qarşısını almaq çox çətin olur”.

Tibb elmləri doktoru Adil Qeybulla isə qeyd etdi ki, hazırda xəstəxanalarda 50 minə yaxın yer tutulub:



“Bunların içərisində ağır xəstələr, orqan köçürülənlər, şəkərli diabeti olanlar var. Xəstəxanada koronavirusdan ölən xəstələr dünyanın hər yerində var. Xüsusilə nəzərə almaq lazımdır ki, bu xəstəliklə bağlı zəmanət, hələlik ciddi müalicə, koronavirusu öldürən dərman da yoxdur. Ona görə də bu xəstələr ölə bilər. Xəstəxanalarda epidemioloji vəziyyət ürəkaçan deyil. Xəstəxanalarda xəstə sayı ikiqat çox olanda, əlbəttə, epidemioloji vəziyyət də pis olacaq. Həmin faktorlarla mən də razıyam. Əhali o baxımdan narahatlıqlarda haqlıdır. Amma burda obyektiv səbəblər daha çoxdur”.

Ləman Hüseynzadə