O uşağın aqressivliyi ailəsində gördüyü hadisələrdən qaynaqlanır- Fuad İslamzadə

  • 2022.10.04 18:34
  • 2902 Baxış
O uşağın aqressivliyi  ailəsində gördüyü hadisələrdən qaynaqlanır - Fuad İslamzadə
Bu gün mətbuat vasitələrinin manşetini zəbt edən, feysbukda isə demək olar ki, hər 2 nəfərdən birinin paylaşdığı məlum məktəb videosunu ürək ağrısı ilə izlədim — tək bu hadisənin baş verməsinə görə yox, həm də bu dərəcədə geniş yayıldığına görə. İlk növbədə onu deyim ki, belə bir videonun yayılmasının özü böyük bir yanlışlıqdır.


"Medicina" xəbər verir ki, Azərbaycan Tibb jurnalının baş redaktorunun müavini Fuad İslamzadə məktəb şagirdlərinin aqressiv davranışının səbəbini şərh edib.


"Uşaq kollektivlərində bir qrup uşağın aşırı aqressiv olduğu və belə hadisələrdən əks-nəticə çıxararaq eyni hərəkəti təkrarlaya biləcəyi hamıya məlumdur və buna görə belə videolar geniş yayılmamalıdır.


İkincisi, videonu paylaşanlar da, ona şərh yazanlar da bir-birilindən nümunə götürərək stereotipik şəkildə məktəbi və müəllimləri günahlandıran fikirlər irəli sürür, lakin heç yada da salmırlar ki, hər bir uşaq ilk tərbiyəni məktəbdə deyil, ailədə alır və valideynini özünə həyat idealı hesab edir.


Şübhə etmirəm ki, haqqında söz açdığım videoda aqressivliyi ilə diqqət çəkən o uşağın xarakterinin belə formalaşması məhz ailəsində gördüyü hadisələrlə əlaqədardır. İkincisi, şagirdin qorxaraq, söyülməyinə və döyülməyinə heç bir qarşılıq verməməsinin də günahını məhz ailəsində görürəm.


Çünki şübhə etmirəm ki, o uşaq ailəsində daim yersiz tənbeh və qınaq gördüyünə görə o dərəcədə fağır və gözüqıpıq(bizlərdə beləsinə mağmın deyirlər) böyüyüb.


Nəhayət, o səhnənin şahidi olan digər şagirdlər hansı tərbiyəni alıblar ki, arasından bircə nəfər hətta begemota da xas olan altruizm nümunəsi göstərib yoldaşını müdafiə etməyib?

Sonda yenə məktəb və müəllimlər haqüında: bəli, məktəbdə belə bir hadisənin baş verməsində müəllimlərin və ümumiyyətlə məktəb kollektivinin də günahı var.

Ancaq gəlin bir anlığa təsəvvür edək ki, bu hadisənin baş verdiyi tənəffüs vaxtında bir müəllim otağa daxil olub, həmin aqressiv uşağın qulağından yüngülcə yapışa bilərdi. Əmin olun ki, belə hal baş versəydi, videonun həmin hissəsi ayrılıqda yayılacaqdı və o vaxt şagird yoldaşını ləzzət almaq üçün döyən uşağın da, döyülənə qəhmər çıxmaq əvəzinə döyəni alqışlayanların da valideynləri səs-səsə verib, müəllimin cəzalanmağını tələb edəcəkdilər, üstəlik bu zaman müvafiq tələb bütünlüklə xalqdan gələcəkdi.

Yəni rəhmətlik Cəfər Cabbarlınln öz mənfi obrazlarıdan birinin dilindən qələmə aldığı hadisə baş verəcəkdi:

Yerdən göyə küp düzələr,
Bir-birinə bənd etsələr,
Ən altdakını çəksələr,
Onda gəl bax guppultuya.

Beləliklə, mən bu hadisənin baş verməsində tək müəllimləri deyil, həm də uşaqların ailələrini, bir də ən acınacaqlısı, bütünlüklə cəmiyyətimizi günahkar hesab edirəm.

Aygün Musayeva