Ölkədəki tibbi sığorta RƏZALƏTİ: İnsanlarla heyvan kimi davranırlar - Aqil Bəkir

  • 2022.09.13 17:21
  • 1968 Baxış
 Ölkədəki tibbi sığorta RƏZALƏTİ: İnsanlarla heyvan kimi davranırlar   - Aqil Bəkir


Bu yazını Respublika Klinik Xəstəxanasından yazıram. Belə bir alqış var ki, Allah heç kimin yolunu xəstəxanadan salmasın. Həqiqətən, Allah heç kimə xəstəlik verməsin, ancaq çürümüş səhiyyə sistemində, ümumiyyətlə, heç kəsin yolu xəstəxanadan düşməsin. Əgər yolunuz düşsə, bilin ki, xəstəliyinizə xəstəlik əlavə olunacaq, əsəb keçirəcək, stress yaşayacaq, həkim aşağılanmasına məruz qalacaqsınız.

Medicina. xəbər verir ki, jurnalist Aqil Bəkir sığorta üzrə tibbi xidmətdən istifadə etmək istəyərkən üzləşdiiyi durum barədə yazıb.


"İnsanlar həkim qəbuluna düşmək üçün qeydiyyatdan keçməlidirlər. Qeydiyyat prosesinin özü isə başdan-başa rəzalətdir. Birinci, insanlarımızda növbə mədəniyyəti yoxdur, ikincisi, süründürməçilik var.

İnsan seli arasında növbəyə girmək, saatlarla gözləmək, qeydiyyatdan keçmək, anket açdırmaq (burada da eyni mənzərə), həkimin qəbuluna düşmək. Budur! Həkim də qayıdıb deyir ki, sizi səhv yönləndiriblər, indi canın çıxsın, get yenidən növbədə dur, qeydiyyatdan keç!

Bununla da bitmir. Bir həkimin qəbuluna girirsən, deyir ki, yox, başqa həkimin rəyini görmədən dəqiq müalicə edə bilmərəm, buna görə də get o həkim də baxsın, sonra yenidən qayıt bura. Yenidən getməlisənmi qeydiyyata?! Bəli! Sonra əvvəlki həkimin yanına getmək üçün təzədən çek almalısanmı? Bəli!

Allahın bir rentgenindən keçmək üçün saatların gedir, ortalıqda isə heç nə yoxdur.

Xəstəxanaya dərdinə dəva tapmağa gedirsən, ancaq bizdə xəstəxana koridorları qarğış edən insanlarla doludur. Biri qeydiyyat şöbəsindəkiləri qarğıyır, biri həkimi qarğıyır, biri asayişi qorumalı olduğu halda, vətəndaşlarla kobud danışan polis nəfərini qarğıyır.

Xəstəxana xəstəxana deyil. İnsanlarla heyvan kimi rəftar edilən bir məkana, sizi bilmirəm, ancaq mən xəstəxana deyə bilmərəm. Çünki bura şəfa üçün gəlirlər, biz isə xəstəlik tapıb ayrılırıq.

Hə, yadımdan çıxmamış yazım, söyülənlərin başında sığorta sistemsizliyinin baiskarları gəlir".

Aygün Musayeva