Ölüm kağızı necə alınır?

  • 2023.05.05 10:13
  • 4628 Baxış
Ölüm kağızı necə alınır?
Ölüm kağızının alınması ilə bağlı suallara Bakı Baş Səhiyyə Mərkəzinin departament rəhbəri Elnur Hidayətoğlu aydınlıq gətirib.

Medicina.az bildirir ki, o, məsələyə sual-cavab şəklində açıqlama verib:


“Ölüm kağızının alınması ilə bağlı həm sosial şəbəkələrdən, həm də elə ənənəvi üsulla - zənglərlə çoxsaylı suallar olur.

Düşündük ki, "Poçt qutusu" vasitəsi ilə buna bir cavab hazırlayaq. Bu mövzuya uyğun sıradan bir sualla bütün suallara cavab verməyə çalışdıq.

Bu yaxınlarda atam vəfat edib, hələ də ölüm kağızını ala bilmirəm. Gedirəm poliklinikaya, deyirlər ki, atanızın burada qeydiyyatı olmadığı üçün sizə ölüm kağızı verə bilmərik. Mən nə etməliyəm?


Cavab: Vətəndaşın ölüm hadisəsi xəstəxanada baş verərsə, ölüm haqqında tibbi şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən onun yaxın ailə üzvünə təqdim olunur.


Əgər ölüm hadisəsi evdə baş verərsə, Təcili və Təxirəsalınmaz Tibbi Yardım çağırılmalı, TTTY həkimi tərəfindən ölüm hadisəsinin təsdiqi barədə “xəbərdarlıq vərəqəsi” doldurulmalı və ərazi üzrə hüquq-mühafizə orqanlarına məlumat verilməlidir. Həmin “xəbərdarlıq vərəqəsi” vətəndaşın qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsinə təqdim edilir. Əgər ölümün səbəbi məlumdursa, həmin tibb müəssisəsi tərəfindən tibbi sənədlərə əsasən ölüm haqqında tibbi şəhadətnamə verilir.


Ölüm faktı Təcili və Təxirəsalınmaz Tibbi Yardım gələnədək ( yəni həkimə qədər) baş veribsə, ölümün səbəbi məlum deyilsə (şikayəti olmayıb, heç bir poliklinikaya müraciət etməyib, tibbi sənədləri yoxdur, ölüm qəfil baş verib) ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün məhkəməyə müraciət edilir”.