Onkoloji və skleroz xəstələri pensiya alacaq

  • 19 Apr 2022 17:41
  • 2812 Baxış
Onkoloji və skleroz xəstələri pensiya alacaq

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib. İclası açan Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, gündəliyə 6 məsələ daxil edilib.


Medicina.az xəbər verir ki, iclasda “Onkoloji yardım haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi müzakirə olunub.

Qanun layihəsini təqdim edən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin Humanitar məsələlər üzrə qanunvericilik sektorunun əməkdaşı Seymur Əşrəfli bildirib ki, qanun layihəsi onkoloji xəstələrin, eləcə də dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət və (və ya) əmək pensiyası almaq hüququnu müəyyənləşdirir. Layihə “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihələrinə uyğunlaşdırma xarakteri daşıyır və xəstəlikdən əziyyət çəkən şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.

Layihə barədə fikirlərini bildirən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev diqqətə çatdırıb ki, dəyişikliyə əsasən, “Onkoloji yardım haqqında” Qanunun onkoloji xəstələrin sosial müdafiəsinə dair 9-cu maddəsi və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanunun bu xəstəliyə tutulmuş şəxslərin sosial müdafiəsinə dair 9-cu maddəsi yeni redaksiyada veriləcək.

İclasda deputatlardan Rəşad Mahmudovun və İlham Məmmədovun fikirləri dinlənildikdən sonra layihə birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.