Onkoloji xəstəlikdən əməliyyat olunmuşdu - Taksidə qəzada öldü

  • 2025.12.01 18:22
  • 60 Baxış
Onkoloji xəstəlikdən əməliyyat olunmuşdu   - Taksidə qəzada öldü


Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə ittiham edilən taksi sürücüsünün məhkəməsi başa çatıb.

Medicina.az xəbər verir ki, Suraxanı Rayon Məhkəməsində 1992-ci il təvəllüdlü Yusif Osmanova (soyad şərtidir) hökm oxunub.

Bildirilib ki, hadisə bu ilin yanvarında Suraxanı rayonunda Zığ şosesində baş verib. Taksi proqramı əsasında “Toyota Agua” markalı avtomobillə xidmət göstərən Yusif həmin gün səhər saatlarında Nəsimi rayonunda yerləşən Tibb Universitetinin Onkoloji Klinikasından Hövsan qəsəbəsinə sifariş qəbul edib.

O, 1963-cü il təvəllüdlü qadınla oğlunu götürərək təyinat ünvanına aparmaq üçün yola düşüb. Avtomobil Zığ şosesində olarkən sürücü anidən yuxuya gedib və maşını öndə gedən “Mercedes”ə çırpılıb. Nəticədə avtomobilin arxa oturacağında əyləşmiş 62 yaşlı qadın aldığı xəsarətlərdən vəfat edib. Onun oğlu isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Məlum olub ki, hadisədən bir neçə gün əvvəl zərərçəkmiş qadın xəstəxanada onkoloji xəstəlikdən əməliyyat olunubmuş və sarğısı açıldıqdan sonra evə gedirmiş.

Məhkəmədə mərhumun ailə üzvləri sürücünü bağışlamadıqlarını, Yusifin barışığa cəhd etmədiyini və dəymiş zərəri ödəmədiyini bildiriblər. Onlar sürücüyə ağır cəza tələb ediblər.

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə sürücüyə 5 il 2 ay həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi dövründə polisin nəzarəti altında olmaqla azadlıqda olan sürücü məhkəmə zalındaca qandallanıb.