Öskürəyə səbəb olan xəstəliklər SİYAHISI

  • 27 Apr 2022 15:45
  • 418 Baxış
Öskürəyə səbəb olan xəstəliklər  SİYAHISI

Bədənin müdafiə mexanizmləri arasında öskürək önəmli yer tutur. Öskürək orqanizmin müdafiə reaksiyası olub, tənəffüs yollarını yad və zərərli amillərdən, bəlğəm və toz hissəciklərindən təmizləmək üçün mövcud olan refleksdir. Bu halda öskürəklə mübarizə aparmaq əvəzinə, əksinə, ona işində mane olmamaq lazımdır. Yəni, öskürək qurudursa, otagın havası nəm və çox isti olmamalıdır. Xəstə bol miqdarda maye qəbul etməli, özünü soyuqdan qorumalıdır.

Medicina.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının terapevti Xumar Novruzova “Öskürəyin yaranma səbəbləri hansı xəstəliklərdir?” sualını cavablandırıb.

Həkim bildirib ki, bəlğəmlı oskürəyin əlacı bitki və bəzən kimyəvi tərkiblı çoxsaylı vasitələrdir ki, bunlar barədə tibb sahəsindən uzaq olan insanlar da kifayət qədər xəbərdardırlar. "Xatırladım ki, öskurək refleksini törədən səbəblərin 90%-i viruslu xəstəliklərin payına düşür. Lakin öskürək bəzən patoloji xarakter də daşıya bilər. Bu zaman o, müdafiə funksiyasından çox, hər hansı xəstəliyin əlamətlər zəncirində bir halqa rolunu oynayır".

X.Novruzova öskurəyin məhz bu səbəbləri barədə bildirib ki, tənəffüs orqanalarının çoxsaylı xəstəlikləri öskürək refleksinin yaranmasında liderdir. Bunlara bronxit, bronxial astma, pnevmoniya, plevrit, agciyər xərçəngi, agciyər vərəmi və s. aiddir. Digər səbəb LOR orqanları xəstəlikləridir. Bunlara faringit, laringit, qırtlaq xərçəngi, adenoidlər aiddir. Qeyd edim ki, hətta qulaq kiri belə öskürək yarada bilər.

"Öskürəyin səbəblərindən biri də ürək qan-damar sistemi xəstəlikləridir", - deyən terapevt əlavə edib ki, bunlara ürək çatışmazlığı, aortanın anevrizması, pulmonar trombo-emboliya və perikarditlər aiddir. Bu xəstəliklərin müalicəsində tətbiq olunan dərman preparatlarından APF-inhibitorlari (kaptopril, enalapril və s.) və amiadaronun yan təsiri kimi quru öskürək tutmaları heç də nadir hadisə deyil.

Öskürək yaradan növbəti "təqsirkar" qrup həzm sistemi xəstəlikləridir. Bunlara diafraqmal yırtıq, qastroezofageal reflüks, diafraqmaaltı abses aiddir. Eyni zamanda metabolik pozğunluqla keçən podaqra xəstəliyi, zob və strumektomiya (zob əməliyyatı), həmçinin, psixoemosional gərginlik, dağ xəstəliyi də öskurəyə səbəb ola bilər.


Öskürəyin səbəbini aşkar etmədən onu özbaşına müalicə etmək yolverilməzdir. Ona görə də, xəstələrin oskürək simptomuna etinasız yanaşmayıb səbəbini aydınlaşdırmaq və müvafiq müalicə taktikası seçmək üçün vaxtında həkimə müraciət etməyi məsləhətdir.