Oturaq işdə çalışmaq həzm sisteminin düşmənidir - Terapevtdən açıqlama

  • 2023.07.03 13:30
  • 1201 Baxış
Oturaq işdə çalışmaq həzm sisteminin düşmənidir  - Terapevtdən açıqlama
Həzmin pozulması və ya həzmsizlik tibdə dispepsiya adlanır. Daha çox oturaq həyat tərzi və qeyri-sağlam qidalanma həzmsizliyə yol açır. Bunlara aiddir: tez-tez, az çeynəyərək yemək və ya çoxlu yemək, yeməkdən həmən sonra uzanmaq, çox yağlı qidaların qəbulu, spirtli və qazlı, kofein və ya şəkər tərkibli içkilər, həmçinin tütün məhsullardan müntəzəm istifadə, stres, təşviş və digər psixoloji problemlər, piylənmə, dərmanların nəzarətsiz qəbulu, oturaq həyat tərzi, nizamsız yuxu rejimi və s.


"Medicina" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Nahid Məhərrəmov bildirib.


"Həzmin pozulmasının əlamətləri qarında ağrı və ya hansısa narahatlıq yarada bilir. Bu sağ və ya sol qabırğaaltı, kürək və epiqastral nahiyədə ağrılar, gəyirmə, döş sümüyü arxasında yanma, qıcqırma, qəbizlik, ishal kimi müşahidə oluna bilər. Həzmsizliyin əlamətləri adətən yeməkdən sonra mədənin həzmi yerinə yetirməsi zamanı başlayır.

Simptomlar arasında ən çox yayılmış olanı yemək əsnasında meydana gələn erkən doyma hissidir. Bu, qarında şişkinlik, gəyirmə, ürəkbulanma və ya ürək yanması ilə müşayiət oluna bilər. Həzmsizliyi müalicə etmək üçün öncə düzgün qidalanmaq, stresdən uzaq durmaq, yuxu rejimini bərpa etmək, aktiv olmaq lazımdır.

Həzm pozulmasına səbəb olan xəstəliklərin bəziləri bunlardır: reflüks ezofagit, qıcıqlanmış bağırsaq sindromu, mədə xoraları, mədəaltı vəz və ya öd yolları anomaliyaları, laktoza və ya qlüten intoleransı, mədə iltihabı, çölyak xəstəliyi, öd kisəsi daşları, mədəaltı vəzin iltihabı, qəbizlik, bağırsaq keçməzliyi, bağırsaq damarlarının tıxanması, şəkərli diabet, qalxanvari vəz xəstəlikləri, mədə xərçəngi və s.

Düzgün qidalanmama zamanı yaranan həzm sistemi pozğunluqları bir çox xəstəliklərə və orqanların zədələnməsinə gətirib çıxara bilər. Bu zaman şəkərli diabetin, arterial təzyiq, infarkt, insult, böyrək daşlarının, öd daşlarının əmələ gəlməsinə şərait yaranır. Həzm sistemi pozğunluqları həmçinin metobolik dəyişikliklər və piylənməyə də səbəb olur.

Orqanlarımızın normal işləməsi və dolayısı ilə həzmin də yaxşı olması üçün su əvəzedilməzdir. Əlbəttə ki, zamanında və qədərində su içmək şərtdir. İnsanın gün ərzində təqribən 1,5-2 litr su içməsi məqsədəuyğundur. Hər gün oyandıqdan dərhal sonra, yəni acqarına bir stəkan su içmək çox faydalıdır. Yatmazdan ən tez 3 saat əvvəl su qəbulunu dayandırmaq lazımdır. Yeməkdən yarım saat əvvəl və ən tez 40 dəqiqə sonra içilən suyun faydaları daha çoxdur. Yemək zamanı maye qəbulu tövsiyə olunmur.


Həzm sistemi xəstəlikləri olan insanların rasionuna şirin, turş, duzlu, acı və yağlı qidaların qəbulu tövsiyə olunmur. Spirtli və qazlı içkilər də həzm sistemi xəstəliklərində arzuolunmayanlar sırasındadır. Fastfuddan müntəzəm istifadə həzm sistemində ciddi problemlər yaradır, piylənməyə gətirib çıxarır. Bu zaman infarkt və insult riski artır. Həzm sistemi xəstəliklərindən əziyyət çəkən insanlar lifli qidalardan, meyvə və tərəvəzlərdən daha çox istifadə etməlidir. Nəticədə bağırsaq fəaliyyəti yaxşılaşır, vitamin və minerallar lazımi qədər orqanizmə ötürülür!".


Aygün Musayeva

Oturaq işdə çalışmaq həzm sisteminin düşmənidir  - Terapevtdən açıqlama