Uzun müddət masa arxasında işləmək bel və boyun ağrılarına səbəb ola bilər. Düzgün duruş, erqonomika və nizamlı idmanla bu problemlərin qarşısını almaq mümkündür.
Medicina.az xəbər verir ki, günün çox hissəsini kompüter qarşısında keçirən stolüstü işçilər zamanla bel və boyun ağrıları yaşaya bilərlər. Mütəxəssislər bu vəziyyətin qalıcı duruş pozğunluqlarına və həyat keyfiyyətinin azalmasına səbəb ola biləcəyinə diqqət çəkirlər. Ancaq düzgün vərdişlərlə bu problemlərin qarşısını almaq mümkündür.
Bel və boyun sağlamlığını qorumaq üçün düzgün oturma mövqeyi böyük əhəmiyyət kəsb edir. Kürəyinizin düz, çiyinlərinizin rahat olduğu və ayaqlarınızın yerə möhkəm dayandığı bir mövqeyə üstünlük verilməlidir. Kompüter ekranı göz səviyyəsində olmalı, stolun hündürlüyü erqonomik qaydalara uyğun tənzimlənməlidir.
Bundan əlavə, hər 30-40 dəqiqədən bir ayağa qalxmaq, bir neçə addım gəzmək və ya sadə gərmə hərəkətləri etmək üçün qısa fasilələr vermək onurğanın rahatlamasına səbəb olacaq. Gündə ən azı 10 dəqiqə edilən onurğa sütununu dəstəkləyən məşqlər də əzələləri gücləndirərək duruşun düzəldilməsinə kömək edir.
Uzun müddət oturaraq işləyənlərin sağlam onurğa üçün ofis erqonomikasına diqqət etmələri, hərəkəti artırmaları və nizamlı idmanı həyatlarının bir hissəsinə çevirmələri tövsiyə olunur.
Aygün
Medicina.az