Paket, market qidaları yeyən uşaqların əllərinin içi belə olur- Pediatrdan xəbərdarlıq

  • 2023.02.23 15:45
  • 1915 Baxış
Paket, market qidaları yeyən uşaqların əllərinin içi belə olur - Pediatrdan xəbərdarlıq

Uşağınızın əllərində dəri içi qızartılar görürsünüzsə, bunun bir allergik əlamət olduğunu bilməlisiniz. Uşaqda indiyədək dəridə heç bir səpki olmayıb, burunda, gözdə qaşınma yoxdur, tez-tez asqırmır, nəcisdə selik, qan görməmisiz, amma əllərdə belə qırmızı səpkilər olubsa, deməli, allergik uşaqdır.


"Medicina" xəbər verir ki, bu sözləri pediatr Aytən İsmayılzadə deyib.

"Bu hardasa yazılmayıb, öz təcrübəmdən deyirəm. Və bu əlamətlərdən tutub gedəndə, digərlərini də üzə çıxarmaq olur. Sadəcə fikir verməyəndə "yoxdur" deyirik. Lakin var olan proses bir gün allergik xəstəlik şəklində qarşımıza çıxanda gec olur. Ona görə də uşaqların qidalanmasına nəzarət edin. Zir-zibil yeməsinlər.

Paketə girmiş hər məhsul emulqatorlar ilə doyuzdurulub. Emulqatorlar isə konservantlar potensial allergik maddələrdir. Onlar allergiya testlərində də çıxmır. Yəni, onlar orda yer almır. Biz bilməliyik ki, emulqator kiçik dozalı zəhərdir. Onların çox miqdarı allergik fonu gücləndirir. "Hərdən olar" dediyimiz "hər gün olar" demək deyil. Yalnız həftədə bir dəfə. Bədən bu bir həftədə özünü təmizləmək üçün imkan tapmalıdır".

Ekspertin sözlərinə görə, xüsusilə, valideynlər 1-5 yaş arası uşaqların qidalanmasına daha diqqətlə nəzarət etməlidir.

"Çünki onların bağırsağı hələ daha çox keçirgəndir, bir-iki maddə deyil, 5-6 maddə birdən qana sorula bilir. Bu zaman immunitet şoka düşür, zəifləyir, müxtəlif reaksiyalar ortaya atır. Onlardan biri də allergik reaksiyadır. Daha sonra bu maddələr beyin baryerini də keçir. Bu zaman isə baş verən proseslər nəticəsində diqqət, yaddaş zəifliyi, analiz - sintez yavaşlaması, aqressivlik, səbirsizlik baş verir.

Qida toksinləri ilk növbədə, bağırsağın selikli qişasını zədələyir. Verilən bir pis maddə digər pis maddələrin də daxil olmasına yol açır. Orqanizmin qida toksinləri ilə yüklənməsi onun əsl allergenlərə qarşı həssaslığını da artırır".


Aygün Musayeva