Pandemiya nəticəsində Azərbaycanda toplanan tibbi tullantıların həcmi AÇIQLANDI

  • 2022.03.09 18:10
  • 1340 Baxış
Pandemiya nəticəsində Azərbaycanda toplanan tibbi tullantıların həcmi   AÇIQLANDI


Hökumət hazırda COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin müayinə və müalicəsinin aparıldığı müəssisələrdə tibbi tullantılar, eyni zamanda, vaksinasiya prosesində yaranan tibbi tullantılarla bağlı məsələyə aydınlıq gətirib.

Medicina.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında əksini tapıb.

Hesabatda qeyd edilib ki, Ekologiya və Təbii Sərvərlər Nazirliyi tərəfindən koronavirus (COVID-19) infeksiyasının yayıldığı ilk günlərdən bu xəstəliyə yoluxmuş və yoluxma ehtimalı olan şəxslərin tibb müəssisələrində müalicəsi və müayinəsi zamanı, o cümlədən karantin rejimli mehmanxanalarda əmələ gələn təhlükəli tibbi tullantıların ətraf mühit və insan sağlamlığı üçün təhlükəsiz idarə edilməsi və zərərsizləşdirilməsi ilə bağlı Bakı şəhərində və regionlarda operativ tədbirlər həyata keçirilib.

“Nazirlik tərəfindən TƏBİB publik hüquqi şəxsin tabeliyində olan xəstəxanalarda əmələ gələn tibbi tullantıların bu sahədə ixtisaslaşmış müəssisələrə təhvil verilməsi, o cümlədən, formalaşan tullantı sularının təhlükəsiz idarə edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi ilə müraciətlər edilib, “Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üzrə Tədbirlər Planı” hazırlanaraq təsdiq olunub və Səhiyyə Nazirliyinə və TƏBİB-ə göndərilib.

COVİD-19 xəstəliyi ilə mübarizə zamanı tibbi tullantıların toplanması, zərərsizləşdirilməsi və kənarlaşdırılmasına dair Təlimat” ETSN və Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilərək regionlarda fəaliyyət göstərən tibb müəssisələrinə çatdırılıb.

Təhlükəli tibbi tullantıların çeşidli toplanması və təhlükəsiz daşınması məqsədilə 2020-ci ilin mart ayından hazırkı dövrədək nazirlik tərəfindən ümumilikdə həcmi 0,1 kub metr olan 271.7 min xüsusi polietilen torbalar alınaraq regionlarda fəaliyyət göstərən tibb müəssisələrinə, karantin rejimli mehmanxanalara, “Azərbaycan Hava Yolları” QSC-yə və AQTA-ya (ümumilikdə 68 müəssisəyə) paylanılıb.

Qeyd olunan dövr ərzində ümumilikdə 153 tibb müəssisəsində və karantin rejimli mehmanxanalarda əmələ gəlmiş 30388.37 kub metr həcmində təhlükəli tibbi tullantının daşınması, yandırılaraq zərərsizləşdirilməsi təmin edilib.

Respublikanın tibb müəssisələrində, karantin rejimli mehmanxanalarında, sərhəd-gömrük keçid məntəqələrində və bu məntəqələrin yanında Fövqəladə Hallar Nazirliyi tərəfindən quraşdırılmış çadır düşərgələrində əmələ gələn təhlükəli tibbi tullantıların ETSN ilə bağlanmış müqavilə əsasında daşınaraq “Təmiz Şəhər” ASC-də, “HV Ekoservis” ASC-də, “Kaspian Loqistiks Qrup” MMC-də, o cümlədən Lənkəran, Şəmkir, Ağdaş və Quba rayonlarındakı insinerator qurğularında yandırılaraq zərərsizləşdirilməsi təmin edilib.

Tullantıların yandırılması zamanı əmələ gələn təhlükəli kül müqavilə əsasında “Azlogistika and Managment Service” MMC tərtəfindən daşınaraq nazirliyin “Təhlükəli tullantılar” MMC-də zərərsizləşdirilir. 2020-ci ilin mart ayından hesabat dövrünədək ümumilikdə 850 kub metr kül və 3331.7 kub metr təhlükəli tibbi tullantı poliqonda zərərsizləşdirilib”, - bildirilib.