Poliklinikalara son 3 gündə yüzlərlə korona xəstəsi müraciət edib - Üçüncü dalğa başladı

  • 2021.07.27 16:57
  • 1992 Baxış
Poliklinikalara son 3 gündə yüzlərlə korona xəstəsi müraciət edib -  Üçüncü dalğa başladı
Son 3 gündə Bakının müxtəlif poliklinikalarına, ailə və sahə həkimlərinə soyuqdəymə əlamətləri ilə müraciət edənlərin sayı 2-3 dəfə artıb.

Medicina.az xəbər verir ki, təkcə Bakının Binəqədi, Xırdalan, Yasamal rayon poliklinikalarında xəstə sıxlığı yaşanır.

Bu gün bir poliklinikada müşahidələrimiz göstərdi ki, hər gələn 10 xəstədən 5-də soyuqdəymə, virus, rotarovirus əlamətləri var.

Sahə həkimlərindən birinin verdiyi məlumata görə, ötən həftəyə kimi tək-tək xəstələr aşkarlansa da, telefonarına sahə üzrə sakinlərdən az zəng gəlsə də, son 3 gündə ərazi üzrə xəstələrin kəskin axını var və həkimlər artıq çatdırmır.

Gələnlər qarın ağrısı, ishal, qızdırma, sümük ağrısından şikayətlənir, çoxu soyuq olduğunu düşünür və analiz, rentgen tələb edir.

Etibarlı mənbənin verdiyi məlumata görə, yoluxma statistikasından qat-qat artıq xəstə sayı var.

Təkcə bir poliklinika üzrə son sutkada azı 50-60 nəfər test üçün yaxmaya göndərilib, cavablar hələ 1-2 günə çıxacaq.
Amma həkimlər insanların xarici əlamətlərinə baxan kimi testi belə gözləmədən müayinə, müalicə təyin edirlər. Çünki əlamətlər artıq koronadan şübhələnməyə əsas verir və gecikmək olmaz.


Şəhərin bir neçə əsas poliklinikasına hər gün 30-40 korona xəstəsi gəlirsə, deməli statistikada göstərilən 400-500 rəqəmindən azı 2 dəfə artıq real korona xəstəsi var və bu təkcə Bakıya aiddir.

Yoluxanların çoxu məclis, yas, toylarda olduğunu bildirir, eləcə də rayonda, dənizdə soyuqladığını deyir.

İsti havalar, kondinsioner,dənizdə çimmək, buzlu su insanların burun-boğaz yollarını virus üçün daha da münbit edib, soyuqdəymə əlamətlərini artırıb və yoluxmağa zəmin yaradır.

Sahə həkimləri bildirir ki, test üçün göndərdikləri hər 10 xəstədən 5-də kovid aşkarlanır.
Yoluxanların Deltaya yoxsa ayrı ştamma yoluxması barədə məlumat verilmir.

Bu gün əlaqə saxladığımız 2 özəl klinikada da koronavirusa görə rentgen və KT müayinəyə axının olduğunu bildirdilər.

Bunları nəzərə alaraq deyə bilərik ki, artıq rəqəmlərdən qat-qat artıq xəstə var, xəstələr hər yerdədir, çox insan hələ virusa yoluxduğunu bilmir və toylar avqustun 7-dən sonra kəsildikdən sonra yoluxma 2000-i keçəcək.
Faktiki olaraq, Azərbaycan koronavirus pandemiyasının üçüncü dalğasına qədəm qoyub.