Polislərə ilkin tibbi yardımın göstərilməsi öyrədilir

  • 2023.01.17 16:02
  • 1857 Baxış
Polislərə ilkin tibbi yardımın göstərilməsi öyrədilir

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və Daxili İşlər Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində polis orqanlarının əməkdaşları üçün “TƏBİB gələnə qədər” adlı layihə çərçivəsində ilkin yardım təlimlərinin keçirilməsinə başlanılıb.



"Medicina" xəbər verir ki, təlimin əsas məqsədi yol-nəqliyyat hadisələri zamanı təcili tibbi yardım briqadası gələnə qədər polis əməkdaşları tərəfindən zərərçəkənlərə ilkin yardımın göstərilməsi və baş verə biləcək ağırlaşma, ölüm risklərinin azaldılmasından ibarətdir.


“Yeni klinika”da bu gün baş tutan açılış mərasimində çıxışlar zamanı layihənin önəmindən və gələcək perspektivlərindən bəhs edilib. Təlimlərin sonunda kursu mənimsəmiş polis əməkdaşlarının sərbəst şəkildə ilkin yardım göstərə biləcəkləri vurğulanıb. İlkin mərhələdə təlimlərə 320 nəfərin cəlb olunduğu bildirilib. Qeyd edilib ki, təlimlərin davamlı olması nəzərdə tutulub.


Məlumat üçün qeyd edək ki, təlimlər hər qrup üçün 2 gün davam edəcək.

Peşəkar təlimçilər tərəfindən “Amerika Ürək Assosiasiyası"nın ürək-ağciyər reanimasiyası üzrə beynəlxalq protokollarına əsasən keçirilən təlimlər xüsusi mulyajlar üzərində tədris olunur.