Pulsuz əməliyyatlar üçün 1 il vaxtınız qaldı – 2024-cü ildən tibbi sığortasız qalanlar

  • 2022.11.24 15:08
  • 3996 Baxış
 Pulsuz əməliyyatlar üçün 1 il vaxtınız qaldı  – 2024-cü ildən tibbi sığortasız qalanlar

İcbari tibbi sığorta 2024-cü ildən hər kəs üçün keçərli olmayacaq. 2024-cü il yanvarın 1-dən ölkə əhalisinin böyük bir qismi tibbi yardımsız qala bilər.


Belə ki, əgər siz heç yerdə işləmirsizsə, sahibkar deyilsizsə, təqaüd almırsızsa, qəfildən böyrəyiniz, ödünüz və başqa orqanlarınızda problem yaransa, sizi dövlət xəstəxanasında da pulla əməliyyat edəcəklər.

“Tibbi sığorta haqqında” Qanuna (Qanun) əsasən heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər də 2024-cü il yanvarın 1-dək icbari tibbi sığorta haqqı ödəməkdən azaddır.

İTS-dən Bakupost.az -ın sorğusuna cavab olaraq bildirdilər ki, işləməyənlər üçün vaxt 1 ilə bitir:

“Onlar qeyd edilən tarixə qədər icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən dövlət büdcəsinin vəsaiti hesabına istifadə edə bilərlər. Qanunun 15.10.1.5-ci maddəsinə əsasən sözügedən şəxslər 2024-cü ilin yanvarın 1-dən etibarən sığortalı qismində özləri çıxış edəcək, minimum aylıq əməkhaqqının 48 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəyərək Xidmətlər Zərfi ilə təminata alınmış tibbi xidmətlərdən yararlana biləcəklər.

Qanuna əsasən sığortahaqqı tam məbləğdə hər təqvim ili üçün yanvar ayının 15-dək icbari tibbi sığorta fonduna ödənilir. Məsələn, hazırda ölkədə minimum aylıq əməkhaqqının məbləği 300 manatdır. Heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslərin minimum aylıq əməkhaqqının 48 %-i, yəni il ərzində 144 manat (300*48%=144) icbari tibbi sığorta haqqı ödəməsi nəzərdə tutulub.

Vətəndaşlara icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir. Vətəndaşa müraciət etdiyi dövlət tibb müəssisəsində xidmətin göstərilməsi mümkün olmadıqda o, bu xidməti göstərmək imkanına malik olan digər dövlət və ya Agentliyin müqavilə bağladığı özəl tibb müəssisəsinə göndəriş əsasında yönləndirilir. Göndəriş vərəqəsi ilə özəl tibb müəssisəsinə müraciət etdikdə vətəndaş Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən yararlanır”.

Beləliklə 2024-cü il yanvarın 1-dən icbari tibbi sığortadan yalnız uşaqlar, yeniyetmələr, hamilələr, təqaüdçülər və rəsmi işləyənlər yararlanmağa davam edəcək.

Ürək, beyin, onurğa, daxili orqanlarda əməliyyatlara ehtiyac varsa, imkansız təbəqə 1 il ərzində tələsməlidir.

Tibbi göstəriş olduğu təqdirdə sığortaolunanlar icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan istənilən sayda tibbi xidmətlərindən yararlana bilərlər. Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlər siyahısında yalnız koxlear implantasiya, endoprotezləşdirmə və 26 adda fizioterapiya xidmətinə limit tətbiq olunur. Koxlear implantasiya əməliyyatı üçün limit sayı 300-dür, endoprotezləşdirmə əməliyyatının limit sayının isə 300-dən 1200-ə qədər artırılması nəzərdə tutulub.




Məsələ ilə bağlı Milli Məclisin səhiyyə komitəsinin üzvü millət vəkili Məlahət İbrahimqızı Bakupost.az - a bildirdi ki, ildən-ilə icbari tibbi sığorta nəinki bütün təbəqələri nəinki əhatə edir, eyni zamanda xidmət paketinin siyahısı artırılır:

“2023-cü ilin dövlət büdcəsinin parlamentdə müzakirəsi zamanı xidmətlər zərfinin uzadılması, eyni zamanda büdcə vəsaitinin artırılması qəbul olunub.
Xidmət paketinə ağır v bahalı əməliyyatlar daxil edilib.

Dünyanın ən inkişaf etmiş ölkələrində belə səhiyyə islahatları birdən-birə olmayıb.

Qardaş Türkiyədə, Baltikyanı ölkələrdə icbari tibbi sığorta bir-iki ilin içində başa gəlməyib. Səhiyyə sahəsində islahatlar digər sahələrdən daha mürəkkəbdir. Çünki bu insan sağlamlığı ilə bağlıdır.

Ona görə Azərbaycanda İTS pilot layihəsi şəklində rayonlarda başlanıldı və 100% vətəndaş məmnunluğu qazandı.
Azərbaycan icbari tibbi sığorta 2020-ci ildə tarixinin ən çətin dövründə başladı. Bir tərəfdən həm Azərbaycanda Qarabağ müharibəsi başladığı, həm də dünyada pandemiyanın yayıldığı dövrdə tətbiqə başladı.

İlk illərdə sözsüz ki, bütün səhiyyə xidməti növlərini əhatə edə bilməzdi. Bəzən populist çıxışlar olur ki, niyə transplantasiya daxil edilməyib. Hələ ki, Azərbaycanda ürək köçürülməsi yoxdur, ağciyər yoxdur. Qaraciyər köçürülməsi bir iki özəl klinikada mümkündür. Gərək, buna şərait olsun ki, daxil edilsin.

Qarşıdakı 2023-cü ildə İTS vətəndaşların qarşısına əlidolu gedir. İnsanlar inamla bu fürsətdən istifadə etsinlər.
Dövlət büdcəsində səhiyyəyə ayrılan vəsait xeyli artıb.

Bəli, xidmətlərin sayını artırmaqdan əlavə, bunlardan istifadə edə biləcək insanlarımızın kateroqiyası, sayı da genişlənməlidir. Biz parlamentdə bu məsələni qaldırmışıq və gələcəkdə qaldıracağıq ki, əhalinin bütün təbəqələri ən rahat, uyğun şəkildə İTS-dən yararlana bilsin. Çünki burda insan həyatından söhbət gedir.

Azərbaycanda bu gün 10 minlərlə müharibə veteran var, əhalinin sosial təminatı aşağı olan təbəqəsi, həssas qrup tamamilə Tibbi Sığortanın əhatəsində olmalıdır.

Eyni zamanda qazilər, şəhid ailələri İcbari tibbi sığortanın bütün xidmətlərindən yararlanmalıdır.

Bunu xüsusi vurğulamaq istəyirəm ki, istər veteranlar, istər orduda xidmət edənlər, qazilər və ailə üzvləri heç bir şərt olmadan icbari tibbi sığortadan yararlanmalıdır.

TƏBİB, Səhiyyə Nazirliyi və İTS elə etməlidir ki, bu sahədə zərrə qədər də narazılıq olmasın”.

Millət vəkili qeyd edib ki, ölkədə onkoloji xəstələrin müalicəsinin də xidmətlər zərfinə daxil edilməsi gözlənilir:

“Bu, çox ciddi müzakirə mövzusudur. Bu xəstələr çox ağır durumdan keçir, bahalı müalicədir, insanlar sağalmaq üçün evini, əmlakını satır. Maliyyə tutumu çox ağırdır.

Düşünürəm ki, 2023-cü ildə hansısa formada bu xəstələr İTS- ə daxil ediləcək.

BMT və ÜST –ün verdiyi hesabatlarda, Dayanıqlı İnkişaf Sammitində dünyada yoxsulluğun aradan qaldırılması məsələsi əsas mövzudur. Yoxsulluğu törədən və artıran ən birinci amillərdən biri ilkin səhiyyə xidmətinin əhali üçün əlçatan olmamasıdır.

Hansı ölkənin ki, vətəndaşı ilkin səhiyyə xidmətindən istifadə edə bilmir, bu ölkədə yoxsulluq göstəricisi də yüksək olur. Bunun qarşısını almaq üçün onkoloji xəstələr üçün səhiyyə xidməti sığorta hesabına olmalıdır”.

Aygün Musayeva
Baku Post